Erməni təxribatçılarını himayə edən sülhməramsız kontingent
top of page

Erməni təxribatçılarını himayə edən sülhməramsız kontingent


Ötən gün növbəti dəfə Xankəndi-Xəlfəli-Turşsu torpaq yolu ilə qanunsuz hərbi daşımaları icra edən kolonun hərəkəti aşkarlanıb.

Azərbaycanın Müdafiə Nazirliyinin yaydığı videogörüntüdə ərazilərimizdə müvəqqəti yerləşən Rusiya sülhməramlı kontingentinə məxsus "ZTR-82A" döyüş maşını, ermənilərə məxsus 3 ədəd tentli "KamAZ" və üzərində yanacaq çəni olan "KamAZ" avtomobilinin hərəkəti texnikinin müşahidə vasitələrimiz tərəfindən qeydə alınıb. Azərbaycanın Müdafiə Nazirliyi son günlər artıq neçənci dəfədir ki, Rusiya sülhməramlı kontingentin Qarabağ iqtisadi rayonunda fəaliyyət göstərən qeyri-qanuni erməni dəstələri üçün canlı qüvvə, silah-sursat, mina, eləcə də digər maddi-texniki təminat vasitələrinin daşınmasını müşayiət edən görüntülərini yayır.

Bütün bunlar onu göstərir ki, Rusiya sülhməramlı kontingenti üçtərəfli bəyanatın müddəalarının icrası ilə bağlı üzərinə düşən vəzifə borcunu yerinə yetirmir, əksinə, bir sıra hallarda özü onu pozur. Bu isə həm Rusiya sülhməramlı kontingentinə olan etimadı azaldır, eyni zamanda Qarabağ iqtisadi rayonundakı qeyri-qanuni erməni dəstələrinin geniş əl-qol açmasına, Azərbaycan ərazisində növbəti təxribatlara yol açır.

Üzərinə düşən missiyanı yerinə yetirməyən sülhməramlı kontingent mandatının tam əksinə fəaliyyət göstərir, qanunsuz əməllərini gündən-günə artırır, onların bu cür himayəsi isə erməni silahlılarının növbəti təxribatlarına rəvac verir. Ötən il, eləcə də 2021-ci ildə qanunsuz erməni silahlı birləşmələrinin törətdikləri təxribatlar “sülhməramlıların” bu himayəsindən qaynaqlanırdı.


bottom of page