top of page

ADB ötən ildə Azərbaycanda layihələrə ayrılmış maliyyənin məbləğini açıqlayıb


Asiya İnkişaf Bankı (ADB) 2022-ci ildə Azərbaycanda layihələrin maliyyələşdirilməsinə 117,3 milyon ABŞ dolları ayırıb.

Mugantv xəbər verir ki, bu barədə ADB-nin 2022-ci il üzrə illik hesabatında deyilir.

"Bank “Masdar Azerbaijan Energy” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə 21,4 milyon ABŞ dolları dəyərində qeyri-suveren kredit müqaviləsi imzalamaqla ölkənin özəl sektorunda bərpa olunan enerjiyə ilk böyük investisiyasını yatırıb. Kredit hər il 30 406 evi elektrik enerjisi ilə təmin etmək üçün təmiz enerji istehsal edəcək 230 meqavatlıq günəş enerjisi stansiyasının tikintisi üçün uzunmüddətli maliyyələşdirməni nəzərdə tutur.

Layihə faydalı qazıntılardan alınan yanacaq növlərinin üstünlük təşkil etdiyi ölkənin enerji kompleksində bərpa olunan enerjinin payını artıracaq ki, bu da Azərbaycanda bərpa olunan enerji sahəsinə özəl sektorun gələcək investisiyalarını stimullaşdıracaq”, - hesabatda deyilir.

Ötən il ADB 3 milyon ABŞ dolları məbləğində ölkəyə texniki yardım göstərib. Bank həmçinin birgə maliyyələşdirmə hesabına əlavə 92,9 milyon ABŞ dolları cəlb edib.

2022-ci ilin sonuna Azərbaycanın ADB-dəki iştirak payı 0,444 %, səsvermə hüququ isə 0,649 % təşkil edib. Səsvermə payı iştirak payından bir qədər yüksək olsa da, bu nisbət kiçik ölkələrin səsinin çəkisini artırır.

Xatırladaq ki, Asiya İnkişaf Bankı 1966-cı ildə yaradılıb və onun 49-u Asiya regionundan olmaqla 68 üzvü var. Bankın baş ofisi Filippinin paytaxtı Manila şəhərində yerləşir.

Azərbaycan Asiya İnkişaf Bankına 1999-cu il dekabrın 22-də üzvlüyə qəbul edilib.

ADB-nin aparıcı səhmdarları Yaponiya (ümumi nizamnamə kapitalının 15,571 %-i), ABŞ (15,571 %), Çin (6,429 %), Hindistan (6,317 %), Avstraliya (5,773 %), Kanada (5,219 %) və Cənubi Koreyadır (5,026 %).

bottom of page