top of page

Xocavənddə improvizə olunmuş partlayıcı qurğular aşkarlanıb


Azərbaycanın Minatəmizləmə Agentliyi (ANAMA) tərəfindən icra edilən minatəmizləmə əməliyyatları zamanı Xocavənd rayonunun Bulutan kəndi ərazisində tərk edilmiş yaşayış evlərində əldəqayırma (improvizə edilmiş) partlayıcı qurğular aşkalanıb.


Bu barədə Muğan TV-yə ANAMA-dan məlumat verilib.


Bildirilib ki, bir yaşayış evinə birləşik təsərrüfat tikilisində odun qalağının arasında 1 ədəd PQ-7L raketinin döyüş başlığı, üzərinə qəlpə köynəyi qismində atıcı silah patronlarının yapışqan lent vasitəsilə bağlanması və əl qumbarası partladıcısının təzyiqdən boşalma prisipi ilə quraşdırılması ilə hazırlanmış sürpriz partlayıcı qurğu tapılıb.


Eyni zamanda bir evin qarşısında altına bağlamada F-1 modelli əl qumbaraları yerləşdirilmiş PMN-Э minası, bir məhlə arası keçiddəki çoxillik ağacın koğuşunda dəmir qutunun içərisinə kustar üsulla hazırlanmış, geniş radiusda qəlpələnmə yaradılması məqsədilə mismarlarla gücləndirilmiş, MUV tipli partladıcı ilə təchiz edilmiş, 3 ədəd birbirinə bağlı VOQ-17 silah qumbarasından ibarət əldəqayırma partlayıcı qurğu aşkar edilib.


Əlavə olaraq bir həyətdəki təndirxananın girişinin üstündə plastik boruda gizlədilmiş MUV tipli partladıcı ilə quraşdırılmış RQ-42 əl qumbarası ilə POMZ-2M minasının birləşdirilməsindən hazırlanmış tələ qurğu, habelə kəndarası əsas yol yaxınlığındakı bir ot damında tələ məftilinin bir ucu götürülərkən minanı işə salması üçün dəmir yanacaq qabına bağlanmış halda, OZM-72 modelli tullanaraq havada qəlpələnən piyada əleyhinə mina aşkarlanıb.


"Qeyd edək ki, əvvəllər bu ərazilərdə etnik erməni əhalisi məskunlaşıb. Aşkar olunan tələ-minaları ərazini tərk edərkən bu yerlərdə qəsdən yerləşdirilib.

İşğaldan azad edilmiş ərazilərdə Agentlik tərəfindən aparılan davamlı qeyri-texniki və texniki tədqiqat, eləcə də minatəmizləmə əməliyyatları nəticəsində keçmiş təmas xətti ərazilərindən kənardakı mülki təyinatlı sahələrin ciddi şəkildə minalanması müəyyən olunub.


Düşmən tərəfindən məhz mülki təyinatlı ərazilərdə quraşdırılmış, sürpriz formaya salınmış bu kimi qurğular yüksək və ölümcül partlayış törətmək məqsədi daşıyaraq dinc əhaliyə qarşı hədəflənmiş terrordur.


Belə ki, müharibədən sonrakı dövr ərzində keçmiş təmas xəttindən kənar yerləşən ərazilərdə baş verən mina hadisələri zamanı 217 vətəndaşımız mina qurbanına çevrilib. Laçın rayonunun Suarası, Güləbird kəndləri, Şuşa rayonunun Daşaltı, Cəbrayıl rayonunun Nüzgar, Mehdili, Zəngilan rayonunun Bartaz, Xocalı rayonunun Sığnaq, Qubadlı rayonunun Xanlıq kəndi, Ağdam rayonunun Yusifcanlı, Şahbulaq, Tərtər rayonunun Suqovuşan, Füzuli rayonunun Yuxarı Veysəlli, Yağlıvənd kəndlərində baş vermiş mina hadisələri əvvəllər təmas xətti deyilən ərazilərdən kənarda baş verib.


İşğaldan azad edilmiş ərazilərin kütləvi şəkildə minalarla çirkləndirilməsi, ölümcül partlayış törətmək məqsədilə sürpriz minaların aşkar olunması icra edilən genişmiqyaslı bərpa və yenidənqurma planlarının həyata keçirilməsi, keçmiş məcburi köçkünlərin geri qayıdışına ciddi şəkildə maneə yaradır.


Bütün bu kimi faktlar bir daha Ermənistanın mülki əhaliyə qarşı məkrli niyyətinin göstəricisi, insanlıq əleyhinə törədilən cinayətidir.


ANAMA bir daha vətəndaşlara müraciət edərək bildirir ki, bələd olmadıqları ərazilərə daxil olmasınlar, şübhəli əşyalara toxunmasınlar", - məlumatda qeyd edilib.


Röya Ağayeva

Коментарі


bottom of page