top of page

XİN: "Paşinyanın iddiaları sülh prosesinə növbəti zərbədir"


"Ermənistanın baş naziri Nikol Paşinyanın mətbuat konfransı zamanı Azərbaycana qarşı səsləndirdiyi tamamilə əsassız və tarixi faktları kobudcasına təhrif edən iddiaları bölgədə sülhün bərqərar edilməsi prosesinə növbəti zərbədir".

Bunu Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) mətbuat katibi Ayxan Hacızadə martın 14-də Ermənistanın baş naziri N.Paşinyan tərəfindən mətbuat konfransı zamanı səsləndirilmiş əsassız iddialarla bağlı yerli medianın sualını cavablandırarkən deyib.

O bildirib ki, baş nazir N.Paşinyanın bugünədək müxtəlif beynəlxalq platformalarda verdiyi vədlərdən və üzərinə götürdüyü öhdəliklərdən boyun qaçıraraq həyata keçirdiyi anti-Azərbaycan kampaniyası, o cümləsən sülh sazişi üzrə danışıqları və beynəlxalq vasitəçilərin səylərini heçə endirən ritorikası Ermənistan üçün heç bir xeyirli gələcək vəd etmir:

"Ermənistan baş nazirinin azərbaycanlıların indiki Ermənistan ərazisindəki torpaqlarından zor gücünə qovulması faktını inkar etməsi, Ermənistanın sistemli və məqsədyönlü şəkildə onilliklər ərzində həyata keçirdiyi etnik təmizləmə siyasətinə bəraət qazandırması niyyətindən xəbər verir.

Ermənistan ərazisində yaşayan dinc azərbaycanlıların fiziki məhvi, onlara qarşı qanlı qırğınlar törədilməsi, hədə-qorxu vasitəsilə əhalinin zorla köçürülməsi tarixi bir faktdır. Ermənistan tərəfinin təxribatçı iddialarına baxmayaraq, indiki Ermənistan ərazisində azərbaycanlı əhaliyə qarşı zorakılığın və deportasiyanın miqyasına dair tam təsəvvürə malik olmaq üçün baş nazirin bölgədə azərbaycanlı və erməni əhalinin nisbətində hansı dəyişikliklər baş verdiyi ilə tanış olması kifayətdir. Yaxşı məlumdur ki, vaxtilə Ermənistanın indiki ərazisində faiz nisbətində say çoxluğuna malik olan azərbaycanlılardan heç bir əsər-əlamət qoyulmayıb, bu fəaliyyət mütəşəkkil və məqsədyönlü siyasətin tərkib hissəsi olub.

Ermənistan rəhbərliyinin azərbaycanlıların təhlükəsiz və ləyaqətli şəkildə öz doğma torpaqlarına geri qayıtması hüququnu təkzib etməsi, yüz minlərlə azərbaycanlının daxil olduğu Qərbi Azərbaycan İcmasının Ermənistan rəhbərliyini bu istiqamətdə dialoqa çağırışına qarşı çıxması, bu hüquqların tələbinin “ərazi iddiası” kimi təqdim edilməsi Ermənistanın “insan hüquqları”na heç bir dəyər verməyən və “etnik təmizləmə əsasında monoetnik dövlət titulu”nu qorumaq üzrə məkrli siyasətinin bir göstəricisidir.

Ermənistan baş nazirinin növbəti dəfə erməni sakinlərlə dialoq məsələsinə müdaxilə etməyə çalışması, Azərbaycanın Qarabağ bölgəsi üzərində beynəlxalq səviyyədə tanınmış suverenliyinə və ərazi bütövlüyünə qarşı təxribat dolu bəyanatlar səsləndirməsi, “Qarabağın xalqı və hökuməti” kimi ifadələr işlətməsi qəbuledilməzdir.

Erməni əsilli sakinlərin reinteqrasiyası üzrə müzakirənin Azərbaycanın daxili işi olduğu və kənar dövlətlərin bu məsələdə heç bir rolunun olmadığı barədə mövqeyimizə Ermənistanın məhəl qoymaması, onun “xalqların öz müqəddəratlarını təyin etməsi” prinsipi pərdəsi altında 90-cı illərin əvvəllərində ölkəmizə qarşı başlatdığı təcavüz siyasətindən əl çəkmədiyindən xəbər verir. Ermənistan baş naziri anlamalıdır ki, Qarabağ bölgəsinin erməni sakinlərinin hüquqları bölgənin azərbaycanlı əhalisinin hüquqlarından heç zaman üstün ola bilməz və Azərbaycan, ərazisində yaşayan müxtəlif etnik xalqlara münasibətdə yalnız bərabər yanaşma tətbiq edir və edəcək.

İndiyə qədər heç bir razılaşmaya və öhdəliyinə riayət etməyən Ermənistanın Azərbaycanı xəyali razılıqları inkar etməkdə təqsirləndirməsi, Azərbaycanın sərhədyanı bölgələrdə vəziyyəti gərginləşdirəcəyini iddia etməsi yalnız və yalnız Ermənistanın öz mümkün hərbi təxribatlarını ört-basdır etməyə yönəlmiş bir addımdır.

Sülh sazişinin mətnində Azərbaycana qarşı ərazi iddialarını istisna edən müddəalara hər vəchlə qarşı çıxması, gələcək pozuntulara saziş mətni hazırlanan müddətdə belə rəvac yaratması, bu qeyri-konstruktiv yanaşmaları gizlətməklə “beynəlxalq mexanizmlər”, “beynəlxalq zəmanət institutu” kimi ideyalarla çıxış etməsi Ermənistanın sülh sazişində maraqlı olmadığının göstəricisidir.

Bununla yanaşı, sonuncu dəfə ötən ilin dekabr ayında sülh sazişi üzrə danışıqlardan imtina edən Ermənistan tərəfinin Avropa İttifaqının vasitəçilik səylərinə müxtəlif bəhanələrlə qarşı çıxması, onun 30 ilə yaxın müddətdə işğal dövründə danışıqlara maneələr yaradılması təcrübəsindən əl çəkmədiyini nümayiş etdirir.

Ermənistan baş nazirinin yalnız Ermənistanın təkliflərinin qeyd olunduğu və Azərbaycanın təkliflərinin nəzərə alınmadığı layihəni imzalanma üçün hazır olduğunu brifinq zamanı bəyan etməsi isə onun sülh prosesinə laqeyd yanaşmasının növbəti sübutudur və hesab edirik ki, Ermənistanın bu destruktiv fəaliyyətləri beynəlxalq ictimaiyyət tərəfindən qınanmalı və onların qarşısı alınmalıdır.

Comments


bottom of page