“Xarıbülbül” musiqi festivalının ölkəmiz üçün mədəni və siyasi əhəmiyyəti böyükdür. Çünki bu festivalın yenidən Şuşada keçirilməsi Azərbaycanın mədəni, siyasi həyatında yeni çalarlara yol açır.
Bunu Trend-ə Milli Məclisin deputatı İltizam Yusifov Şuşada, Cıdır Düzündə Heydər Əliyev Fondunun təşkilatçılığı ilə baş tutan “Xarıbülbül” musiqi festivalı ilə bağlı fikirlərini bildirərkən deyib.
O qeyd edib ki, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın əldə etdiyi uğurların tərənnümü bu festivalda özünü daha qabarıq şəkildə göstərdi: “Ötən illərə qədər vandal ermənilər Cıdır düzündə öz ampulasında idilər. Onlar elə fərz edirdilər ki, Şuşa onlarındır və bu daim belə olacaq. Acaq Ali Baş Komandanın rəhbərliyi, Müzəffər Ordumuzun şücaəti nəticəsində Şuşa işğaldan azad olundu, üçrəngli Azərbaycan bayrağı Şuşada dalğalanır. Bütün bunların fonunda qısa zamanda Şuşada həyata keçirilən quruculuq-abadlıq işləri şəhərin mədəni imicinin özünə qaytarılmasına, orada həyatın canlanmasına səbəb oldu.
Artıq Şuşada bu kimi festivalların keçirilməsi, yerli və xarici qonaqların qarşılanması və yerləşridilməsi üçün davamlı işlər görülür, bu işlər durmadan davam edir. Cənab Prezidentin təməlini atdığı Şuşa məscidi də bu baxımdan xüsusi əhəmiyyət daşıyır. Hələ Cocuq Mərcanlıda inşa olunan məscidin açılışı zamanı “Biz bu məsciddən Şuşa şəhərində də inşa edəcəyik” deyən cənab Prezident İlham Əliyev verdiyi sözə əməl etdi. Nəinki verdiyi sözü, eyni zamanda ata vəsiətini yerinə yetirən Ali Baş Komandanın müfaviq sərəncamı ilə Şuşa Mədəniyyət Paytaxtı elan olundu ki, bütün bunlar Şuşanın imicinin geri qaytarılmasında mühüm hadisələrdəndir”.
İ.Yusifov vurğulayıb ki, “Xarı bülbül” musiqi festivalı mədəni olduğu qədər siyasi baxımdan da böyük əhəmiyyətə malikdir: “1989-cu ildən keçirilən bu festivala hər zaman yüksək diqqət göstərilib. O zamanlar dünyanın müxtəlif ölkələrindən olan müsiqi ansamblları festivalda iştirak ediblər. Yaponiya, Almaniya, Türkiyə və İspaniya kimi ölkələrdən gələn iştirakçılar festivalın rəngarəng keçməsinə səbəb olublar. Uzun fasilədən sonra yenidən doğma Şuşamızda, Cıdır Düzündə təşkil edilən bu tədbir Azərbaycanın gücünün göstəricisidir. Bəli, bu gün Azərbaycan durmadan inkişaf edir. Ümumilli lider Heydər Əliyevin dediyi kimi, Azərbaycan dünyaya Günəş kimi doğur.
Bu inkişafın təməlində isə təbii ki, cənab Prezident İlham Əliyevin apardığı siyasət dayanır. Bu baxımdan, “Xarıbülbül” musiqi festivalının siyasi çəkisi var. Bu, yüksək iradə, qətiyyət bahasına başa gələn, yüksək əzimkarlıq və şəhidlərimizin qanı bahasına əldə olunan uğurun təntənəsidir. Cənab Prezident İlham Əliyev də festivalın açılışında bu tədbirin şəhidlərin ruhuna həsr olunduğunu bildirdi. Dövlətimizin başçısı bununla da şəhid qanının yerdə qalmadığını, Şuşamızın başı üzərində dalğalanan bayrağımızın daim ucalarda olacağını bəyan etmiş oldu. Bu siyasi mesajlar ona işarədir ki, heç kim Azərbaycan torpağına göz dikə bilməz. Heç kim Azərbaycanla güc dilində danışa bilməz!”.
Comments