
Novruz bayramı ilə əlaqədar martın 20-dən 29-dək Azərbaycanda qeyri-iş günüdür. Bu müddət ərzində şəhər daxili ictimai nəqliyyatın fəaliyyəti dayandırılıb. Paytaxt sakinləri ictimai nəqliyyatın işləməməsi səbəbindən alternativ nəqliyyatlardan, xüsusilə taksilərdən istifadə edirlər.
Muğan TV olaraq bu minvalla həm taksi şirkətləri, həm də səyyar taksi sürücüləri arasında eksperiment keçirdik. Özəl taksi şirkətlərinin bir neçəsi ilə əlaqə saxlayaraq, redaksiyamızdan (Şərifzadə 1.) 20 Yanvar metrostansiyasının yaxınlığına taksi sifariş etdik. Lakin şirkətlərin hər birində müxtəlif tariflər qeyd olundu. Bu halda insanlar qərar veməkdə müəyyən çətinliklər çəkirlər ki, bu da taksi şirkətləri arasında süni rəqabətə gətirib çıxarır. Nəticədə isə əziyyətə qatlanan sərnişinlər olur.
Bütün bunlara rəğmən ucuz taksi xidmətindən yararlanmaq istəyən insanlar səyyar taksi sürücülərinin xidmətlərindən istifadə etməyə məcbur qalırlar. Belə ki, insanlar qismən məsafədən asılı olaraq 1-2 manat arasında dəyişən qiymətlərlə şəhərdaxili hərəkət edən həm şəxsi avtomobil, həm də taksi sürücülərindən faydalanmağa çalışırlar.
Sürücü-sərnişin münasibətlərində sərnişinlərin mövqeyi müəyyən qədər aydın olsa da, qarşı tərəfin də özünəməxsus narazılıqları var. Sürücülər arasında keçirdiyimiz qısa sorğudan məlum oldu ki, onlar ictimai nəqliyyatın işləməməsinə görə heç də əvvəlki vəziyyətdən seçilmirlər. Sürücülər əsasən avtmobillərinin saxlanılmasında onlara tez-tez xəbərdarlıq edən və lazım gəldikdə cərimələyən Dövlət Yol Polisi əməkdaşlarından haqlı-haqsız gileyləndilər.
Məsələylə bağlı Bakı Şəhər Baş Polis İdarəsi (BŞBPİ) Dövlət Yol Polisi İdarəsinin İctimayyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Vaqif Əsədovla əlaqə saxladıq. O, əsasən yol hərəkətində mədəniyyət səviyyəsinin formalaşmasının üstünülüyünü vacib bilib:
Qanunvericilikdə göstərilən tələblərin düzgün yerinə yetirilməsinə nəzarət güclənib. Nəhayət taksi fəaliyyəti ilə məşğul olanlar üçün konkret standart tələblər dayanıb ki, bu da yol hərəkətində mədəniyyət səviyyəsinin formalaşmasıdır. Bu məsələyə də DYP nəzarət edir. Biz də bu gün vətəndaşların vəziyyətini anlayıb, üstünlüyümüzü inzibati tənbeh tədbirlərinə deyil, profilaktik tədbirlərin keçirilməsinə çalışırıq. İstəyirik ki, vətəndaşlar özləri şüurlu olaraq düşünsünlər ki, onların törətdiyi xətalar milli mənafeyə təsir edir. Yəni, kimsə 5 manat pul qazanmaq üçün qadağan edilmiş ərazidə dayanacaq, amma ad qoyacaqlar ki, taksi fəaliyyəti ilə məşğul olur və dayanmağa yeri yoxdur. Vergi ödəyə bilmir, amma yüzlərlə insanın hərəkəti üçün iflic bir vəziyyət yaradır. Bu, çox ciddi məsələdir.
Əslində avtomobillərin dayanması və durması üçün kifayət qədər yerlərin açılmasına şahidik. Bircə qalır ki, sürücülər bu tələblərə düzgün əməl etsinlər. Taksi fəaliyyət ilə məşğul olmaq üçün konkret yerlər var və həmin yerlərdə avtomobillərin park edilməsi üçün nişanlar var. Ancaq taksi sürcüləri nişanın tələbinə uyğun dayanmırlar. Bakı Nəqliyyat Agentliyi taksi fəaliyyəti üçün yer ayırmaqla yanaşı, onların fəaliyyəti üçün lisenziya veriblər. Mən hələ qeyri-qanuni taksi fəaliyyəti ilə məşğul olanları nəzərdə tutmuram. Biz inzibati protokol yazmaqdan çox, vətəndaşlara nümunəvi xidmət göstərilməsinin tərəfdarıyıq.”
V.Əsədov tövsiyyə edib ki, insanların taksi şirkətlərindən istifadəsi məqsədəuyğundur:
“Bu günə qədər 20 Yanvar ərazisi ilə bağlı xeyli təbliğat aparmışıq. Sürücülərin nizam-intizamlı olmasına çalışmışıq. Biz onlara qanun çərçivəsində işləməyi bildirmişik.
Konstitusiyamızdan irəli gələn tələblər və qanunlar var. Bu gün bir taksi sürücüsü yolun hərəkət hissəsində dayanıb qışqırır ki, “Sumqayıt!”, “Xırdalan!” və yaxud “Koroğlu metrosu!”. Lakin belə bir tərzdə işləmək düzgün deyil. İnsanlar birbaşa taksi şirkətlərindən istifadə edib, ünvana çağırsınlar. Görün nə qədər sərnişin yükdaşımasıyla əlaqəli insanların xidmətində olan ucuz və yüksək səviyyədə fəaliyyət göstərən şirkətlər var. Sürücülər hələ də köhnə adət-ənənələrdən danışırlar ki, bizə yer verin. Ümumiyyətlə, sürücülərin və yaxud sərnişinlərin hər hansı bir şikayətləri varsa, rəsmi şəkildə bizə müraciət edə bilərlər.
Həmçinin taksi fəaliyyəti ilə məşğul olanlar yer ayırmaqla bağlı BNA-ya müraciət edə bilərlər. Onu da qeyd edək ki, həmin ərazilərdə taksilər iki-iki, üç-üç dayanıblar, amma nişan qoyulub ki, yalnız paralel dayanmalısan. Onlar isə avtobus zolaqlarına daxil olurlar. Siz təsəvvür edin ki, dayanma-durma qadağan edilmiş ərazidirsə-20 manat, avtobus dayanma-durması üçün dayanacaqda hesab edilən yerdə isə 40 manat dəyərində cərimə tətbiq olunur”.
Nəticə etibarı ilə bu qənaətə gəlmək olar ki, bütün hallarda ictimai nəqliyyatda mədəniyyətin formalaşması hər zaman öz aktuallığını qoruyub saxlayıb və sürücü-sərnişin münasibətlərinin tənzimlənməsi üçün hələ də zamana ehtiyac duyulur.
Şahnun Qasımova
Elnur Ağayev
Muğan TV
Comments