Vaksinasiyaya görə lider olan ölkələrin adları açıqlandı


Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ), Seyşel Adaları Respublikası və Bəhreyn əhalisini yeni koronavirus infeksiyasına qarşı peyvəndləyən ölkələr sırasında liderdirlər.

Muğan TV qafqazinfo-ya istinadən xəbər verir ki, bu qiymətləndirməni "Bloomberg" agentliyi həyata keçirib.

Agentliyin rəsmi məlumatlara və bəyanatlara əsaslanaraq həyata keçirdiyi hesablamalara görə, 4 iyula qədər BƏƏ-də 15,5 milyon peyvənd vurulub. Bu, ölkə əhalisinin (təqribən 10 milyon nəfər) 72,3 %-ni infeksiyadan qorumaq üçün kifayət edir.

Seyşel adalarında təqribən 138 min vaksin vurulub və bunun əhalinin 71,7 %-ni əhatə etdiyi güman edilir. Təqribən 1,5 milyon əhaliyə sahib Bəhreyndə isə 2,7 milyon peyvənd vurulub. Bu isə əhalinin 69,7%-ni virusdan mühafizə etməyə kifayət edir.

Cari hesablamalar aparılarkən peyvəndin birinci və ikinci dozasının vurulması üçün tələb olunan preparatlar nəzərə alınıb.