Bu gün COVİD-19 pandemiyası ilə bütün dünya mübarizə aparır və bu mübarizədə ölkələrin üzərinə böyük məsuliyyət düşür.
Trend-in məlumatına görə, bunu Bakı Sağlamlıq Mərkəzinin direktoru Asiman Həsənov deyib.
O bildirib ki, koronavirus infeksiyasına qalib gəlməyin yeganə yolu insan orqanizmində anticisimlərin yaranmasıdır: "Bunun da iki yolu var. Birincisi, koronavirusa yoluxmaqdır ki, bu da sonra xoşagəlməz hadisələrə gətirib çıxara bilir. Ən təhlükəsiz yol isə vaksinasiyadır. Azaldılmış dozada virusun insan orqanizminə tanıdılması ilə anticisim yaranır ki, bu da orqanizmdə immunitet formalaşdırır".
Direktor bildirib ki, hazırda bir sıra ölkələr vaksin qıtlığı yaşayır: "Ölkəmizdə mayın 18-dən "Sputnik V" vaksininin tətbiqinə başlanılıb. Dünən 100-ə yaxın şəxs vaksin olunub. Hal-hazırda bu vaksinə ciddi tələbat var. Mərkəzdə vaksinasiya ilə bağlı 3 zona yaradılıb. Həmin zonalarda "Sinovac", "AstraZeneca" və "Sputnik-V" vaksinləri tətbiq olunur. Vaksinasiya könüllü olaraq həyata keçirilir. Vaksin olunmaq istəyən şəxslərə xüsusi blanklar verilir ki, həmin blanklar vasitəsilə onlar hansı vaksini istəyirlərsə, o vaksini seçmək imkanı yaradılır".
A.Həsənov deyib ki, insanlar həm mərkəzə müraciət etməklə, həm də onlayn qeydiyyatdan keçməklə vaksin oluna bilərlər: "Əhaliyə çağırış edirik ki, bu infeksiyadan qorunmaq üçün vaksin olunsunlar. Əvvəllər vaksin olunanda insanlar arasında fikir ayrılığı olurdu. Amma indi 3 növ vaksin arasında vətəndaş seçim edir. 3 növ vaksin tətbiq edilən mərkəz kimi deyə bilərik ki, indiyə qədər vaksin vurulanlar arasında əks-reaksiya olmayıb. Biz bu templə davam etsək, güman ki yaxın müddətdə ölkədə koronavirusa qalib gələcəyik".
Comments