Umud Mirzəyev: Düşmən Ağdamı elə günə qoyub ki, insanın ürəyi paramparça olur


Düşmən Ağdamı elə günə qoyub ki, insanın ürəyi paramparça olur, daş üstündə daş qalmayıb, evlər, abidələr dağıdılıb, küçələri tapmaq mümkün deyil, ağaclar kökündən çıxarılıb. Yadımdadır, bax bu ərazilərdə kifayət qədər tarixi çinar ağacları var idi, hərəsi bir abidə idi. Baxın, görün, məkrli, vəhşi düşmən bu yurda, bu el-obaya nə böyüklükdə nifrət bəsləyib. Burada insanlıq dramı yaşanıb, bəşəri vandalizm aktı törədilib. Bu faktlar beynəlxalq ictimaiyyətə çatdırılmalıdır.

Bu sözləri ermənilər tərəfindən viran qoyulmuş Ağdam şəhərinin qalıqları ilə tanış olan Beynəlxalq Avrasiya Mətbuat Fondunun prezidenti Umud Mirzəyev jurnalistlərə açıqlamasında deyib.

O, əminliyini bildirib ki, işğaldan azad olunmuş torpaqlarımız yenə də 30 il əvvəlki xoş günlərinə qayıdacaq, gülüstana çevriləcək: “Çünki Azərbaycan insanı bu işlərə qadirdir. Ölkəmizin rəhbərliyi azad olunmuş torpaqlarımızla bağlı öz iradəsini ortaya qoyub. Şükürlər olsun ki, qalib ordumuz bizə Vətən müharibəsinin Zəfər sevincini yaşatdı. Ağdam şəhərinin qalıqları ilə tanış olduqca içimdən qanlar axır. İnanıram ki, biz tezliklə bu torpaqlara firavan həyatı qaytaracağıq”.

Umud Mirzəyev işğaldan azad olunmuş torpaqlara belə səfərlərin təşkil edilməsini yüksək qiymətləndirərək deyib ki, məhz bu səfərlər nəticəsində faciəni beynəlxalq ictimaiyyətə daha tez və daha yaxşı çatdırmaq mümkündür.