Teatrlar nə zaman açılacaq? - RƏSMİ


Teatrların açılması ilə bağlı Operativ Qərargahla müzakirələr davam etdirilir, pandemiyanın dinamikası hər zaman nəzərdən keçirilir.

Bu sözləri Mədəniyyət naziri Anar Kərimov Milli Teatr Günü münasibətilə keçirilən tədbirdə deyib. Nazir bildirib ki, dinamika aşağı düşərsə, karantin qaydalarına riayət etməklə teatrların açılması mümkün ola bilər: "Oturacaqlarda məhdudiyyətlər və sosial məsafə gözləməklə bəzi ölkələrdə teatrlar artıq açılıb. Bizdə də qərar qəbul edilsə, o təklifləri irəli sürəcəyik".

Daha sonra nazir məşhur türk rejissor Osman Sınavın Vətən müharibəsi mövzusunda film çəkəcəyi xəbərlərinə münasibət bildirib: "Türkiyədə film şirkətləri ilə görüşümüz oldu. Müzakirələrdə qərar verdik ki, bu filmlər Azərbaycan və Türkiyənin birgə istehsalı ilə ərsəyə gələcək. Həm Azərbaycan, həm də Türkiyə aktyorları çəkiləcək. Hələ ki, konkret rejissor adı çəkmək doğru deyil. Çünki bununla bağlı qərar verilməyib. Biz təklif olunan layihələri nəzərdən keçirəcəyik. Ancaq layihənin hansı formatda olacağını demək çox tezdir. Yekunda ən optimal və ən yaxşı variantı seçəcəyik. Nə aktyorlarımız, nə də rejissorlarımız kənarda qalacaq".

A.Kərimov İrəvan Dövlət Dram Teatrında əslən Qərbi Azərbaycandan olan aktyorlarımızın fəaliyyət göstərməməsi ilə bağlı verilən suala isə belə cavab verib: "Bu məlumat məndə yox idi. Bunu nəzərdən keçirib məlumat verəcəyik".