Tarixi Şuşa Bəyannaməsinin əhəmiyyəti: Erməni iddialarına son qoyulur, Zəngəzur dəhlizi reallaşır


Azərbaycan-Türkiyə münasibətləri Ümummilli lider Heydər Əliyevin “Bir millət, iki dövlət” və Mustafa Kamal Atatürkün “Azərbaycanın sevinci bizim sevincimiz, kədəri bizim kədərimizdir” kəlamları ilə xarakterizə olunur. Bu münasibətlər Prezident İlham Əliyev və Prezident Rəcəb Tayyib Ərdoğan tərəfindən imzalanmış Şuşa Bəyannaməsi ilə özünün zirvə mərhələsinə qədəm qoydu.

Çünki düz yüz il əvvəl imzalanan Qars müqaviləsinə istinadən hazırlanan müttəfiqlik münasibətlərinə dair Şuşa Bəyannaməsi müstəsna siyasi və tarixi əhəmiyyətə malikdir.

Azərbaycanla Türkiyənin regional və beynəlxalq çəkisi artır

Prezident İlham Əliyev iyunun 15-də Şuşa Bəyannaməsinin imzalanmasından sonra Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanla mətbuata birgə bəyanatlarla çıxışında Heydər Əliyevin “Türkiyə və Azərbaycan bir millət, iki dövlətdir” tarixi sözlərinə istinad edərək “Biz bu vəsiyyətə sadiqik və XXI əsrdə azad edilmiş Şuşada Müttəfiqlik Bəyannaməsini imzalayarkən əcdadlarımıza sadiqliyimizi nümayiş etdiririk və gələcək nəsillərə yol göstəririk” – deyə, qeyd etdi. Buna görə də Şuşa Bəyannaməsi məhz keçmişə sadiqlik, gələcək üçün isə yol göstəricisi kimi xarakterizə olunur.

Bu sənədlə ümumi maraqların qorunmasında imkanların birləşdirilməsi, eləcə də müştərək maraq kəsb edən regional və beynəlxalq strateji məsələlərdə fəaliyyətlərin qarşılıqlı şəkildə əlaqələndirilməsi hər iki ölkənin regional və beynəlxalq rolunu və çəkisini artıracaq.

Məlumdur ki, Ermənistanın 30 illik təcavüzünə son qoyulmasında, işğal olunmuş torpaqların azad olunmasında, Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsində Türkiyənin mənəvi-siyasi dəstəyi xalqımız tərəfindən yüksək qiymətləndirilir. Hazırda Qafqaz regionunda sabitliyin və təhlükəsizliyin möhkəmləndirilməsi, bütün iqtisadi və nəqliyyat əlaqələrinin bərpası, eləcə də region dövlətləri arasında münasibətlərin normallaşdırılması və uzunmüddətli sülhün təmin edilməsi istiqamətində ölkələrimizin birgə təşəbbüsləri bu sahədə səylərin artırılmasının zəruriliyini göstərən ən gözəl nümunədir. Eyni zamanda, Qarabağda Türkiyə-Rusiya Birgə Mərkəzinin fəaliyyəti regionda sülhün bərqərar olunmasının təsirli mexanizmi kimi diqqət çəkir.

Türkiyə ilə birbaşa hərbi müttəfiqlik Ermənistanın iddialarına son qoyur

Sənəddə birgə milli mənafelər baxımından siyasi, hərbi və təhlükəsizlik sahələrində əlaqələndirilmiş və birgə fəaliyyətlərin təşviq edilməsi də xüsusi yer tutur. Tərəflərdən hər hansı birinin müstəqilliyinə, suverenliyinə, ərazi bütövlüyünə, beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığına və ya təhlükəsizliyinə qarşı üçüncü dövlət və ya dövlətlər tərəfindən təhdid və ya təcavüz edildiyi təqdirdə, birgə məsləhətləşmələr aparılması, bu təhdid və ya təcavüzün aradan qaldırılması məqsədilə BMT Nizamnaməsinin məqsəd və prinsiplərinə müvafiq təşəbbüs həyata keçirilməsi, BMT Nizamnaməsinə uyğun olaraq bir-birinə lazımi yardım göstərməsi, Silahlı Qüvvələrin güc və idarəetmə strukturlarının əlaqələndirilmiş fəaliyyətinin təşkili nəzərdə tutulur.

Bu, Türkiyə ilə birbaşa hərbi müttəfiqlik deməkdir. Bununla Azərbaycan ərazilərinə Ermənistandan səslənən iddialara son qoyulur, Ermənistan tərəfindən sərgilənən revanşist mövqe artıq əhəmiyyətini tamamilə itirir. Çünki, bölgədə yaranan yeni geosiyasi reallıq bütün bunları mümkünsüz edir.

Təbii ki, Qars müqaviləsində olduğu kimi, Şuşa Bəyannaməsi də Ermənistanın ciddi narahatlığına səbəb olub. Tarixə nəzər yetirsək, görərik ki, Ermənistanın hələ yüz il əvvəl imzalanan Qars müqaviləsi ilə bağlı böyük narazılıqları olub. Çünki bu müqavilə ermənilərin yeni ərazi iddialarının qarşısına keçilməz bir sədd çəkirdi. Məhz bu baxımdan, Şuşa Bəyannaməsinin Qars müqaviləsinə istinad etməsi heç də təsadüfi deyil.

Bəyannamədə ilk dəfə “Zəngəzur dəhlizi” ifadəsi işlədilir

Bu sənədin tarixi-strateji əhəmiyyətindən biri də odur ki, burada ilk dəfə “Zəngəzur dəhlizi” ifadəsi işlədilir. Dövlət başçısı İlham Əliyev də mətbuata bəyanatında bu məsələyə xüsusi diqqət çəkdi. Bildirdi ki, bəyannamədə Zəngəzur dəhlizinin açılması ilə bağlı çox açıq ifadələr öz əksini tapıb. Bu da İkinci Qarabağ savaşından sonra yaranmış yeni geosiyasi vəziyyətin nəticəsidir. “Bu gün biz Türkiyəni və Azərbaycanı dəmir yolu ilə, avtomobil yolu ilə birləşdirəcək Zəngəzur dəhlizi haqqında nəinki danışırıq, bu dəhlizi əməli işlərlə yaradırıq. Müttəfiqlik haqqında imzalanmış Birgə Bəyannamədə bu məsələnin əks olunması böyük məna daşıyır” – deməklə, Azərbaycan Prezidenti Zəngəzur dəhlizi ilə bağlı məsələyə tam aydınlıq gətirdi.

Şuşa Bəyannaməsi həm də regionun iqtisadi inkişafına xidmət edəcək

Şuşa Bəyannaməsi həm də regionun iqtisadi inkişafına xidmət edəcək. Çünki sənədə əsasən, ticarət-iqtisadi münasibətlərdə milli iqtisadiyyatların və ixracın şaxələndirilməsi üzrə səylərinin artırılması, malların sərbəst hərəkətinin təşkili mexanizmlərinin yaradılması istiqamətində zəruri tədbirlərin görülməsi nəzərdə tutulur. Həmçinin, Cənub Qaz Dəhlizinin səmərəli şəkildə istifadə olunmasına və daha da inkişaf edirilməsinə yönəldilmiş səylər əlaqələndilmiş şəkildə davam etdiriləcək. İntellektual nəqliyyat sistemləri texnologiyalarından istifadə etməklə beynəlxalq nəqliyyat dəhlizlərinin Azərbaycan-Türkiyə hissələrində tranzit-nəqliyyat potensialının daha da inkişaf etdirilməsi, Azərbaycan və Türkiyəni birləşdirən Zəngəzur dəhlizinin açılması, regionda nəqliyyat-kommunikasiya əlaqələrinin bərpa edilməsi, beynəlxalq nəqliyyat dəhlizlərinin inkişafının təşviq ediləcək.

Beləliklə, yuxarıda sadalanan mühüm amillərlə yanaşı, sənəddə türk dünyasının gücləndirilməsi, türk həmrəyliyinin möhkəmləndirilməsi, diaspor fəaliyyətinin genişləndirilməsi, eləcə də medianın fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı birgə fəaliyyətə dair konkret müddəaların yer alması bu bəyannamənin tarixiliyini və əhəmiyyətini olduqca artırır.

Beləliklə, tam əminliklə deyə bilərik ki, Azərbaycan və Türkiyə arasında əlaqələrin yüksək səviyyəsi ümumilikdə regionun tərəqqisinə, sabitliyin bərqərar olmasına mühüm töhfələr verir. 44 günlük Vətən müharibəsi zamanı da dünya bir daha bunun şahidi oldu.