Tərtərdə bir nəfər minaya düşüb




Fevralın 18-də saat 18 radələrində vətəndaşlar Bəxtiyar Mahmudov və qohumu Elşən Abbasovun “Niva” markalı dövlət nömrə nişanı məlum olmayan avtomobillə Tərtər rayonunun işğaldan azad edilmiş Talış kəndi ərazisində tank əleyhinə minaya düşməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.


Tərtər rayon prokurorluğundan ASAN Radioya verilən məlumata görə, aparılan istintaqla qeyd edilən şəxslərin işğaldan azad olunmuş əraziyə gələrək avtomobildən enmələri, Bəxtiyar Mahmudovun avtomobilin ön hissəsinə keçərək minaya düşməsi müəyyən edilib.


Prokurorluq əməkdaşları, o cümlədən prokuror-kriminalistlər tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə keçirilən baxış zamanı həmin ərazidə meyit fraqmentləri aşkar edilib, həmin fraqmentlərin Bəxtiyar Mahmudova aid olub-olmamasını müəyyən etmək məqsədilə məhkəmə tibbi-genetik ekspertizası təyin edilib, eyni zamanda hadisənin şahidi olmuş Elşən Abbasov dindirilib.