Türkiyə Laçın yolu ilə bağlı uzun müddətdir davam edən müzakirələri yaxından izləyir və Azərbaycanın bu məsələ ilə bağlı haqlı narahatlığını anlayır.
Muğan TV bu barədə APA-ya istinadən bildirir ki, məlumatı Türkiyə Xarici İşlər Nazirliyinin bəyanatında deyilir. “Təəssüf ki, Azərbaycanın uzun müddətdir yüksək səslə səsləndirdiyi bu narahatlıqlar nəzərə alınmadı və nəticədə Azərbaycan öz suveren hüquqları çərçivəsində məqsədəuyğun hesab etdiyi tədbirləri həyata keçirdi”, - bəyanatda vurğulanır.
Qeyd olunub ki, Türkiyə Laçın yolu ilə bağlı Azərbaycana qarşı tənqidlərin heç bir əsasının olmadığını hesab edir.
“Hazırda Laçın yolundan tibbi keçidlərin təmin edilməsi, eləcə də məhsulların daşınması üçün Azərbaycan tərəfindən əlverişli olan digər marşrutlar onun maksimum səy göstərdiyini göstərir. Bizim Ermənistandan gözləntimiz təxribat xarakterli addımlardan çəkinmək, Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini tanımaq, Qarabağda erməni əhalisinin ehtiyaclarını ödəmək üçün Ağdam-Xankəndi və digər alternativ yollardan istifadəni dəstəkləmək, eləcə də erməni əhalinin Azərbaycana reinteqrasiya prosesinə dəstək verməsidir”.
Həmçinin, əlavə olunub ki, Türkiyə regionda sülh və sabitliyin təmin edilməsi üçün dost və qardaş Azərbaycanın ərazi bütövlüyü, suverenliyi və humanitar səylərinin dəstəklənməsinin vacib olduğunu hesab edir və vəziyyəti gərginləşdirən hərəkətlərə yol verməməyə çağırır.
Röya Ağayeva
Comments