top of page

Türkiyə niyə İbadoğlunu "sifariş etdi"? – Sensasion detallar



Ötən gün Türkiyə Daxili İşlər Nazirliyinin ötürdüyü məlumat əsasında Azərbaycan DİN-in FETÖ-yə qarşı əməliyyat keçirməsi, 5 nəfərin saxlanılması və saxlanılanlardan birinin də Demokratiya və Rifah Partiyasının sədri (əslində, bu partiya buraxılıb – red.) Qubad İbadoğlu olması hazırda ictimaiyyətin ən çox diqqət etdiyi məsələdir.


Muğan TV xəbər verir ki, Türkiyə DİN-in Azərbaycana fakt ötürməsi xüsusilə ciddi məsələdir. Bu, saxlanılanlarla bağlı ölkə xaricində ciddi məlumat olduğunu deməyə əsas verir. Başqa sözlə, “şəbəkənin ucu” ölkə xaricinə qədər uzanıb ki, Türkiyə DİN bəzi məlumatları ələ keçirə bilib.


Həbs prosesində maraqlı və diqqətçəkən detal Türkiyənin “İhlas” agentliyinin saxlanılanlardan saxta pul, silah da daxil olmaqla, FETÖ təbliğatı üçün vəsaitlərin götürülməsidir. Hələlik Azərbaycan DİN bu detallara aydınlıq gətirməsə də, Qubad İbadoğluya qarşı Cinayət Məcəlləsinin 204.1-ci maddəsi (saxta pul və ya qiymətli kağızlar hazırlama, əldə etmə və ya satma) ilə ittiham irəli sürülə biləcəyini onun ailəsi ictimailəşdirib.


FETÖ bağlantısı ittihamı Qubad İbadoğlunun fəaliyyətinə diqqəti artırdığından, onun tərcümeyi-halı, xüsusən ölkədən kənardakı əlaqələri nəzərdə keçirilməkdədir:

1971-ci il təvəllüdlü Qubad İbadoğlu 2004–2005-ci tədris ilində Budapeştdə Mərkəzi Avropa Universitetində, 2008–2009-cü tədris ilində Çapel Hilldə ABŞ-ın Şimali Karolina Universitetində, 2015–2016-cı tədris ilində Dürhamda ABŞ-ın Dyuk Universitetində, 2017–2018-ci tədris ilində Prinsetonda ABŞ-ın Qabaqcıl Tədqiqatlar İnstitutunda, 2018–2021-ci tədris illərində Nyu Bransuikdə Ratqers Universitetində elmi tədqiqat və pedoqoji fəaliyyətlə məşğul olub. 2002-ci ildən 2012-ci ilədək İqtisadi Tədqiqatlar Mərkəzi İdarə Heyətinin sədri olub. 2007-ci ildən İctimai Birliklərin Mədən sənayesində şəffaflığın artırılması Koalisiyasının əlaqələndiricidir. 2008-ci ildə qərargahı Londonda yerləşən "Ödədiyini Açıqla" Beynəlxalq Koalisiyasının Strateji Məsləhət Qrupunun, 2009-cu ildə qərargahı Buxarestdə yerləşən Qara Dəniz QHT Forumunun İdarə Heyətinin, 2013–2019-cu illərdə qərargahı Osloda yerləşən Mineral Ehtiyatların Hasilatı ilə Məşğul olan Sənaye Sahələrində Şəffaflıq Təşəbbüsünün (MHŞT) Beynəlxalq İdarə Heyətinin üzvü olub.


Qubad İbadoğlu Müsavat Partiyasının başqan seçkilərində məğlub olduqdan sonra Demokratiya və Rifah Partiyasını qurmuşdu. Bu ilin yanvarında isə partiyanı buraxdığını elan etmiş, fəaliyyətlərini “hərəkat” kimi davam etdirəcəkləri barədə anons vermişdi.

Q.İbadoğlu uzun müdətdir ki, elmi-pedoqoji fəaliyyətlə məşğuldur və nə qədər maraqlı olsa da, siyasi fəaliyyətini də davam etdirir: hakimiyyətə iddialı kimi çıxış edir. Kiçik qardaşı Vüqar Bayramovdan isə mövqeyi kəskin fərqlənir – savadlı iqtisadçılardan olan V.Bayramov millər vəkili kimi hökumətin iqtisadi siyasətini uzun müddətdir dəstəkləyir.

Q.İbadoğlunun Türkiyə hüquq-mühafizə orqanlarının “diqqət mərkəzinə” düşməsi nə ilə bağlı ola bilər?


Bu suala dolğun cavab vermək üçün məlumat həddən artıq azdır, yalnız ehtimallar irəli sürmək mümkündür. Belə ki, Türkiyədə alimlərin ABŞ universitetlərinə yol tapması, əsasən, fətullahçı şəbəkəsi ilə mümkün olub və bu, dəfələrlə sübut edilib.


Q.İbadoğluna qarşı hər hansı ittiham səsləndirmədən (bu, hüquq-mühafizə orqanlarının işidir) bu paralelləri təqdim edirik:


1. Q.İbadoğlu 2008–2009-cü tədris ilində ABŞ-ın Şimali Karolina Universitetində çalışıb. Bu universitetin adı FETÖ ilə bağlı hallanıb. Belə ki, “Habertürk”ün 09.09.2020 tarixdə yayımlanan “Florida Beynəlxalq Universitetinin tələbəsi FETÖ-nün ODTÜ-dəki təşkilatlanmasını üzə çıxardı” adlı xəbərdə terror təşkilatının Ankaradakı gizli imamı “Kaan” kod adlı Y.-nin universitetdə işlədiyi qeyd olunub.


2. 23.07.2019 tarixdə “fetogercekleri.com” internet səhifəsində yayımlanan “ABŞ professorlarından FETÖ manipulyasiyası – FETÖ gerçəkləri” adlı məqalədə 50 professorun 15 İyul çevriliş cəhdindən sonra hüquq-mühafizə orqanlarından xaric edilən əməkdaşlara dəstək məktubu yayımladığı qeyd olunub. Həmin siyahıda Şimali Karolina Universitetinin professoru Cozef Kunsun da adı var.


3. Q.İbadoğlu 2015–2016-cı tədris ilində ABŞ-ın Dyuk Universitetində çalışıb. 05.06.2022-ci ildə Türkiyə mediası FETÖ-cü professor Abdullah T.Anteplinin Dyuk Universitetində çalışdığını yazıb.


4. Q.İbadoğlu 2018–2021-ci illərdə Ratqers Universitetində işləyib.

Ratqers Universitetinin iki professorunun (Kolin Çin, Ron Klark) adı yuxarıda qeyd etdiyimiz dəstək məktubunu yazan 50 professorun adları arasındadır və s.

Bu, Qubad İbadoğlunun çalışdığı ali məktəblərdə “FETÖ dayaqlarının” olmasını təsdiqləyir.


Mehriban Mirzəzadə

Commentaires


bottom of page