Türkiyə mediası: Prezident İlham Əliyev Şuşada Novruz tonqalını alovlandırdı - FOTO


Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin, birinci xanım Mehriban Əliyevanın və qızları Leyla Əliyevanın Şuşada Cıdır düzündə bayram tonqalı alovlandırmaqları Türkiyə kütləvi informasiya vasitələri tərəfindən geniş şəkildə işıqlandırılıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, Türkiyə mediası xəbəri "Azərbaycan Prezidenti Əliyev Şuşada Novruz tonqalını alovlandırdı" kimi sərlövhələrlə təqdim ediblər. Bundan başa, məlumatlarda dövlətimizin başçısının Şuşa şəhərindəki çıxışından bəzi mühüm fikirlər də türkdilli oxuculara çatdırılıb. Prezident İlham Əliyevin "Biz XXI əsrin müharibəsini aparmışıq, düşməni məhv etmişik" fikri bir çox media orqanları tərəfindən başlığa çıxarılıb.

Anadolu və DHA xəbər agentlikləri, "CNN Türk", "Haber türk", "TRT Haber", "A Haber", "Haber Global" telekanallarında, eləcə də "Yeni Şafak", "Hürriyet", "Cumhuriyet", "Takvim" və digər qəzetlərin saytlarında da yerləşdirilən məlumatlar orijinal videomateriallar və fotolarla təqdim olunub.