Sumqayıtda “Qarabağ Azərbaycandır!” adlı satış-sərgi keçirilib


Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin Sumqayıt Reabilitasiya Mərkəzində 26 İyun - Silahlı Qüvvələr Günü münasibəti ilə “Qarabağ Azərbaycandır!” adlı satış-sərgi keçirilib.

Muğan TV AZƏRTAC-a istinadən xəbər verir ki, əvvəlcə mərkəzin kollektivi və burada reabilitasiya keçən Vətən müharibəsi iştirakçıları Sumqayıtdakı Şəhidlər xiyabanını ziyarət edib, ölkəmizin ərazi bütövlüyü uğrunda şəhid olan igidlərimizin məzarı üstünə tər güllər düzüblər.

Sərgidə əlilliyi olan şəxslər tərəfindən hazırlanmış və Vətən müharibəsində möhtəşəm Zəfərimizə, Ordumuzun şücaətinə, işğaldan azad edilmiş doğma yurd yerlərimizə həsr olunmuş əl işləri (suvenirlər, ağac üzərində oymalar, tikmə və toxuma nümunələri, rəsmlər, bəzək əşyaları) təqdim edilib.

Ümumilikdə 6 sənət növü üzrə 100-ə yaxın əl işinin təqdim olunduğu sərgi barədə danışan Mərkəzin direktoru Pərvanə Hacıyeva bildirib ki, bu cür tədbirlərin keçirilməsində məqsəd əlilliyi olan şəxslərin istedad və bacarıqlarının cəmiyyətə tanıdılması, onların yaradıcılıq imkanlarına, fəaliyyətlərinin stimullaşdırılmasına, cəmiyyətə inteqrasiyasına dəstək verilməsidir.

Tədbir çay süfrəsi ətrafında davam edib, qazilər müharibə təəssüratlarını bölüşüblər.

Qeyd edək ki, 20 çarpayılıq Reabilitasiya Mərkəzinin xidmətlərindən ilin əvvəlindən 122 əlil yaralanıb. Onlardan 24-ü Qarabağ müharibəsi əlilidir. Bununla yanaşı, daha 34 nəfər ambulator müalicə alıb.