“Soyuq günəş” filminin bütün detalları ilə təhlili
top of page

“Soyuq günəş” filminin bütün detalları ilə təhlili



Özümü tanıyandan trendi izləyən, axına qoşulub gedən insan olmağı heç sevmədim. “Amma reklamın yaxşısı, pisi yoxdur” şüarına yüzdə yüz qatılanlardanam. Bir faktor varsa söylənilən, müzakirə, tənqid və ya təbliğ olunan, bu artıq var olmaq deməkdir. Bəyənib dəstəkləsək də, dəstəkləməsək də...Haqqında danışmaq istədiyim filmin tarixçəsi məndə məhz bu cürdür. Bir tanışımın statusunda soundtrackini dinləyib, digərinin şiddətlə izləmək tövsiyəsini, bir digərinin isə tənqidi fikirlərini oxuyandan sonra filmi izləməyi qərarlaşdırdım. Hətta yaxın dostumun pafosla filmin bütün sinopsisini danışıb spoiler verməsinə baxmayaraq fikrimdən daşınmadım. Kütlənin nəbzini tutmağı bacaran, yarasına duz “basmaq” effekti göstərən filmin məndəki təəssüratı açıqcası cox marağımı çəkdi. Həm də bunun milli “məhsulumuz” olması, Azərbaycanda çəkilib belə sevilməsi də təəccüb və maraq dairəmi daha da genişləndirdi.


Əvvəlcə mənə xoş gələn və müsbət saydığım nüanslardan danışmaq istəyirəm.“Soyuq günəş” filminin uğurlu nüansı azərbaycan/ləzgi ortaq istehsalı olması və ləzgi adət/ənənələrinə, məişətinə söykənməsidir. Bu fikir /ideya özü müasir kino aləmində novatorluqdu. Son illərin standardından kənardır. Standartdan kənar, şablonluqdan uzaq şeylərsə həmişə maraq doğurur. Və daha önəmli ikinci amil soundtrackin və kadrarxası fon musiqilərinin olduqca uğurlu seçimidir. Hətta musiqilər səhnələrdən daha təsirlidir-deyə bilərəm. Bu da bəstəkarın uğuru və istedadının göstəricisidir. Digər uğur ünsürlərindən biri isə baş rolda çəkilən aktrisanın(Yarqunat) çox uğurlu seçimidir. Həm vizual olaraq(saf, məsum, ürkək) həm də xarakter olaraq Yarqunat izləyə bilirik. Onun həyəcanlarına şərik olur, sevincini paylaşır, kədərinə ortaq ola bilirik. Yarqunat bizi özünə və hekayəsinə, böyük sevgisinə inandırmağı bacarır, bunun üçün əlindən gələni edir. Biz iki gəncin sevgi hekayəsini deyil, bir xanımın bir kişiyə olan əfsanəvi məhəbbətini, sədaqətini və xarakterini izləyirik. Mövzu və ideya çox gözəl düşünülüb, amma uğurla təqdim edilibmi?Bununla bağlı sual işarələri çoxdu... Filmdəki boşluqlar kimi...


İstənilən filmdə mənə görə öncəlik filmin ssenari ve süjet xəttinin qurulmasındadır.Obrazların xarakterinin düzgün qurulmasında həmçinin. Bütün bu mövzularda mənimçün qaranlıq məqamlar yox deyil. Filmin əvvəlində iki gəncin böyük sevgisi bizə təqdim edilir. Amma biz Yarmədin dildə çox söz dediyini, sevgisini durmadan izhar eləməyə çalışdığını görürük. Amma hərəkət olaraq heç bir cəhd yoxdur.Heç bir səhnədə bunu sübuta yetirəcək hərəkət görmürük. Sadəcə qizin(Yarqunat) toy səhnəsində gəlib toya çığırıb-bağırır. Oda Sonanın “müharibə başlayır” deməsiylə sona yetir. Və filmin sonuna qədər də biz Yarmədin “böyük, təsirli” sevgisinə inanmağa çalışırıq, bunun üçün bir fakt, dəlil axtarırıq. Digər tərəfdən Yarqunatın atası obrazı olduqca absurd təsir bağışlayır. Yəni onun xarakterini anlamağa çətinlik çəkirik. Çünki təzadlarla dolu obrazdır. Bir davranışı digərini təkzib edir. Filmin əvvəlində arvadının sözündən çıxmayan, qısa cümlələrlə arvadının sözünə qüvvət verən, öz fikri, düşüncəsi olmayan bir obraz bizə təqdim edilir. Hətta anası ona qızın ərə gedmək məsələsini və könlünün Yarməddə olduğunu deyir. Bu cür önəmli bilgi və xəbərə obrazın reaksiyası olduqca donuqdur. Nə hiss, nə emosiya yoxdur. Olduqca sakit təbiətli biri belə olsa bu reaksiya olduqca laqeyddir. Sadəcə bir kəlmə:”Kişi qadını böyrək kimi-yağ içində saxlamalıdır” deməklə kifayətlənir və səhnə bitir. Səhnə kəsilir və yarımçıq təsir bağışlayır. Tamaşaçıda bir “Aha və?” sualı yaranır.Amma filmin irəliləyən dəqiqələrində ortada əsaslı bir səbəb belə olmadan oğlu Həmdullanın yaxasına yapışır, az qala onunla əlbəyaxa olur, kişilik nümayişinə çalışır. Xarakterdə olan bu təzadlı davranışlar qarışıqlıq yaradır.


Filmin digər sualdoğuran məqamlarından biri qızın məhz Osmana ərə verilmək istənməsidir. Niyə görə məhz bu ailəyə qızlarını vermək istəyirlər?Varlı olduqlarına görə mi?Çünki biz onların varlı olduqlarınıda görmürük, sadəcə bu haqda müəyyən dialoqlarda eşidirik. Amma bu çox azdır. Filmdə sözlərdən, dialoqlardan daha çox hərəkət və davranışların ön planda olmalı olduğunu və önəmli təsir gücünü nəzərə alsaq bu önəmli çatışmazlıqlardan biridir. Rejissor o “varlı, qız verilməli” ailə tablosu yaratmaqla bizi buna inandırmalıdır. Digər sualyaradan obrazlardan biri də Osmanın anasıdır. Osmanın anasi bir səhnədə (Yarqunatın toy səhnəsi) gəlinin başına fırlanır, ona komplimentlər yağdırır,təriflər deyir.Amma ondan bir sonrakı səhnədə artıq Yarqunatı qarğıdığını, ona lənətlər yağdırdığını görürük. Bu olduqca göydəndüşmə təsir bağışlayır. Və səhnələrası keçid olmadan bu dərəcədə önəmli xarakter çevrilişi insanda heyrət yaradır.Noldu ki ana bu qədər Yarqunata nifrət bəslədi?Yarmədə olan sevgisinə görə mi? Bunu bütün Yarqun kəndi bildiyi halda ana bilmirdimi? Yarqunat adət ənənəyə qarşı çıxdığına görə ananın fikri deyişə bilər, amma buna görə də müəyyən zaman və səhnələrarası keçidlər və səhnələr qurulmalıydı deyə düşünürəm.


Kinoda bir qədər nağılvarilik də müşahidə olunur. Sanki belə eləməklə əfsanəvi sevgini daha da əfsanələşdirməyə çalışılıb. Amma bu kinoya “Yeşilcam” ab-havası qatmışdır.

Amma diqqətçəkən və təqdirəlayiq məqamlarda yox deyil. Sonda Yarqunatla Yarmədin illər sonra təsadüfi görüş nəticəsində bir araya gəldikləri zaman Yarqunatın dediyi: “Səni günəşim sayırdım, məni isidəcəyini- amma, sən həyatıma soyuq günəş kimi doğdun” filmin adına və bütün ideyasına xidmət edən gözəl bir açıqlamadır. Həmçinin Yarqunatın sevgisi, sədaqəti, həyatı, varlığı-insanı təsirləndirən, ibrətlik, günümüzdə əfsanələşən məhz budu. Müvəqqəti münasibətlər dövründə bunu yaşayan və yaşadmağı bacararaq seçilən insanlara olan sonsuz sevgi və hörmət hissi...Budur bəlli bir kəsimi filmə vəYarqunata bağlayan. “Bu dünyada səninlə bağlı olan nə varsa mənə əzizdir, buna qızın da daxil” finalda Yarqunatın dediyi bu sözlər filmə möhürünü vurur və sevginin nolduğunu, necə olmalı olduğunu açıqlamasını ustalıqla verir.


Ülkər Süleymanova

bottom of page