"Sinovak" COVID-19-a qarşı uğurlu peyvənd sayılır


Bir çox ölkənin koronavirusa qarşı istifadə etdiyi Çin istehsalı olan "Sinovak" vaksini ən uğurlu peyvəndlərdən biri sayılır. Bunu son zamanlar peyvəndlənmə ilə bağlı əldə olunan uğurlu nəticələr deməyə əsas verir. İndoneziyada aparılmış təqiqatlar zamanı məlum olub ki, "Sinovak" vaksini ilə peyvənd olunan şəxslərin böyük hissəsi virusa qalib gəlib.

İdoneziyanın paytaxtı Cakartada yanvar-mart aylarında vaksinin ikinci dozasını vurdurmuş 128 min 290 nəfər tibb işçisinin 98 faizi ölümdən xilas olub, 96 faizini isə xəstəxanaya yerləşdirməyə ehtiyac qalmayıb. Peyvənd olunmuş həkimlərin 94 faizi simptomatik COVID-19-a yoluxmayıb. İndoneziyada və Braziliyanın 45 min əhalisi olan Serrana şəhərində səhiyyə işçiləri tərəfindən aparılmış araşdırmada iştirak edən insanların təxminən 100 faizi tam vaksinasiya edilib. Vaksinasiyadan sonra ciddi xəstəlik və ölüm halları azalıb.Bütün bunlar "Sinovac" vaksininin virusa qarşı nə qədər effektiv təsirə malik olduğunu göstərir.

Muğan TV bildirir ki, Azərbaycan da koronavirusa qarşı vaksinasiyaya başlayan ilk ölkələrdən biridir. Peyvəndlənmə üçün ölkəmizə yanvar ayında ilkin olaraq "Sinovac" şirkətinin istehsalı olan 4 milyon doza "CoronaVac" vaksinini gətirilib. Aprelin 1-də isə əlavə olaraq ölkəmizə vaksinin 500 min dozalıq ikinci partiyası göndərilib.

Milli Məclisin səhiyyə komitəsinin üzvü Məlahət İbrahimqızı deyib ki, yanvarın 18-dən başlayan vaksinasiya prosesi uğurla davam etdirilir. Millət vəkili bildirib ki, vaksin olunan şəxslərin xəstəliyi yüngül keçirməsi, virusa yoluxanların sayının azalması "Sinovak" peyvəndinin böyük təsir imkanlarına malik olduğunu göstərir.

Onun sözlərinə görə, bütün dünyanın bəlasına çevrilən virusdan qorunmağın yeganə yolu vaksin olunmaqdır. Vətəndaşlar bu prosesə qoşulmaqla özlərini və yaxınlarını koronavirusdan xilas edə bilərlər.

Millət vəkili onu da əlavə edib ki, virusa yoluxmanın sayının azalması vətəndaşları qətiyyən arxayınlaşdırmamalıdır. Virusun aramızdan daha tez yox oması üçün hamı mövcüd qaydalara əməl etməlidir.