Sahibkarların sığorta xidmətlərinə əlçatanlığı təmin olunacaq




Azərbaycan Sığortaçılar Assosiasiyası (ASA) ilə Sahibkarlığın İnkişafı Fondunun (SİF) rəhbər heyəti arasında görüş keçirilib. ASA-dan AZƏRTAC-a bildirilib ki, görüşdə iki qurum sahibkarların sığorta xidmətlərinə əlçatanlığının təmin olunması yönündə mövcud vəziyyəti və real perspektivləri müzakirə edib. ASA-nın icraçı direktoru Elmar Mirsalayev həm assosiasiya, həm də sığorta xidmətlərinin sahibkarlara aid hissəsi haqqında məlumat verib. O bildirib ki, sahibkarlıq subyektlərinin sığorta xidmətlərinə əlçatanlığının təmin olunması, eyni zamanda, sahibkarların sığorta ilə bağlı məlumatlığının artırılması ASA və yerli sığorta bazarı üçün başlıca prioritetdir. Sahibkarlığın İnkişafı Fondunun İdarə Heyətinin sədri Kənan Nəcəfov da, öz növbəsində, fondun fəaliyyəti haqqında danışaraq sığorta sisteminin biznes mühiti üçün ən uğurlu müdafiə mexanizmi olduğunu vurğulayıb. Fondun sədri sahibkarları daha çox maraqlandıran sığorta xidmətlərinə də toxunub. O qeyd edib ki, bu gün aqrar sahədə çalışan, ixrac əməliyyatları həyata keçirən sahibkarlar sərfəli sığorta məhsullarında maraqlıdırlar. Eyni zamanda, sahibkarlar üçün biznes kreditlərinin sığortası da görüşün əsas müzakirə mövzusu olub. Sonda sahibkarların sığorta xidmətlərinə əlçatanlığının stimullaşdırılması, onlar üçün yeni və daha münasib məhsulların müəyyən olunması və bu yöndə iki qurum arasında qarşılıqlı əməkdaşlığa dair memorandumun imzalanması istiqamətində razılıq əldə edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin