Saatlıda örtük altında tez yetişən qarğıdalı əkininə başlanılıb FOTO
top of page

Saatlıda örtük altında tez yetişən qarğıdalı əkininə başlanılıb FOTO


Saatlıda örtük altında qarğıdalı yetişdiriləcək. Tez yetişən toxum növündən əldə edilən şitillər artıq sahələrə köçürülür. Bir hektar sahədən 100 min ədəd qarğıdalı tədarükü nəzərdə tutulub.


Muğan TV AZƏRTAC-a istinadən xəbər verir ki, Saatlıda ilk dəfə olaraq böyük ərazidə örtükaltı qarğıdalı sahəsi salınır. Bunun üçün rayonun Qaralar kəndində 1 hektardan çox ərazi ayrılıb.


Torpaq qabaqcadan aqrotexniki qaydalara uyğun hazırlanıb. Fermer Həbib Əhmədov deyir ki, şitillər Türkiyə sortu olan sütül qarğıdalı toxumundan əldə edilib.


“Bu toxumlar öncədən şitilçilikdə yetişdirilib. Hazırda sahələrə köçürülmə prosesi gedir. Şitilləri ona görə erkən əkirik ki, məhsulu da tez yığaq. Hava tam isinmədiyindən qarğıdalı şitilləri örtük altında becəriləcək. Bir aydan sonra isə şitillər böyüyəcək və örtük açılacaq. Qarğıdalı şitillərinin becərilməsi üçün damcı-suvarma sistemi də qurulub. Məqsəd həm suya qənaət etmək, həm də şitillərin kifayət qədər su almasıdır”, - deyə fermer söyləyir.


Təsərrüfatçı Ələsgər Əhmədov isə bildirir ki, əkin sahələrinin genişləndirilməsi həm də kənd ərazisində məşğulluğun təminatına yol açır. Hazırda salınan qarğıdalı sahəsində 30-dan çox kənd sakini çalışır. Eyni zamanda, bu kimi sahələrin artması məhsul bolluğuna da gətirib çıxarır və nəticədə xaricdən gətirilən qarğıdalıya ehtiyac qalmır. Xaricə valyuta axınının da qarşısı alınır.


O deyib: “Hazırda bazarlarda xaricdən gətirilən bu növ qarğıdalının bir kiloqramı 50 sentə bərabərdir. Lakin bu məhsul öz sahələrimizdə istixana və ya örtük altında kütləvi şəkildə becərilərsə, həm fermerlər qazanc əldə edər, həm də ticarətçilər. Bazarlarımızda da yerli məhsul satılar”.


Bu sort qarğıdalı şitilləri tez yetişən olduğu üçün 80-90 gün müddətində məhsulun yığılması planlaşdırılır.





bottom of page