top of page

Səudiyyə Ərəbistanından Suriyaya şərt: İranla əlaqələri kəs


Səudiyyə Ərəbistanı Krallığı bir neçə ilkin şərti yerinə yetirəcəyi, o cümlədən İranla əməkdaşlığı dayandıracağı təqdirdə Suriya ilə yaxınlaşmağa hazırdır.

Bu barədə Livanın "L'Orient-Le Jour" qəzeti Səudiyyə Ərəbistanının diplomatik mənbələrinə istinadən məlumat yayıb.

Nəşrin məlumatına görə, ikitərəfli münasibətlərin normallaşmasına qədər tamamlanmalı olan altı bənddən ibarət siyahı Ər-Riyaddan qeyri-rəsmi kanallarla Dəməşqə ötürülüb. Səudiyyə hakimiyyəti Suriyadan "Fars körfəzinin neft hasil edən dövlətlərinə narkotik qaçaqmalçılığını dayandırmaq üçün sərhəd nəzarətini gücləndirməyi" tələb edir. Ər-Riyad həmçinin Suriya ordusunun tərəfində döyüşən iranpərəst hərbi birləşmələrin İordaniya ilə sərhəddəki cənub bölgələrindən çıxarılmasını istəyir.

Səudiyyə tərəfinin digər tələbi Dəməşq və Tehran arasında Suriya iqtisadiyyatına iri İran investisiyalarını nəzərdə tutan uzunmüddətli əməkdaşlığın dayandırılmasıdır. Bundan əlavə, Suriya hökuməti “qaçqınların ərəb və beynəlxalq nəzarət altında olacaq xüsusi zonalara təhlükəsiz qayıtmasına zəmanət verməlidir”.

Dəməşq “BMT Təhlükəsizlik Şurasının 2015-ci il tarixli 2 254 saylı qətnaməsində nəzərdə tutulan keçid dövründə müxalifətlə ciddi dialoqa girməyə və ona tərəfdaş kimi yanaşmağa” dəvət olunur. Səudiyyə tərəfinin fikrincə, bu yolda ilk addım Suriyadakı siyasi məhbusların azad edilməsi olmalıdır.

Xatırladaq ki, Krallıq öz səfirini Dəməşqdən geri çağırıb və 2011-ci ildə Suriyanın iqtisadi boykotuna qoşulub. Fevralın 14-də zəlzələdən zərər çəkən suriyalılara humanitar yardım aparan Səudiyyə Ərəbistanına məxsus təyyarə Hələb hava limanına enərək 35 ton ərzaq və dərman çatdırıb. Krallıq həmçinin Türkiyə sərhədindən Suriyanın şimal-qərbinə humanitar yardım göndərib.

Kommentare


bottom of page