Altı günlük fasilədən sonra Süveyş kanalında hərəkət bərpa olunub.
Muğan TV virtualaz.org-a istinadən bildirir ki, dünən Bakı vaxtilə saat 22 radələrində ilk gəmilər kanal vasitəsilə Aralıq dənizinə daxil olublar.
Kanal idarəsinin rəisi Usama Rabianın sözlərinə görə, növbə gözləyən təxminən 400 gəmidən 113-ü səhərədək kanaldan keçib.
Bir neçə günə isə kanal ətrafındakı tıxacın aradan qaldırılacağı gözlənilir.
Bu arada Səudiyyə Ərəbistanının Limanlar Departamenti Süveyş kanalının bağlanması nəticəsində zərərə uğrayan gəmiçilik şirkətlərinə yardım göstərilməsi təşəbbüsü ilə çıxış edib.
Təşəbbüsə əsasən, Krallığın Qırmızı dənizin sahilində yerləşən Ciddə limanında Süveyş kanalından gələcək gəmilərin yükünün boşaldılması üçün qoyulan müddət uzadılacaq.
Qlobal logistika sektoruna və dəniz ticarətinə dəstək olmaq məqsədilə konteynerlərin limanda ödənişsiz qalması müddəti də 3 aya qədər artırılıb. Süveyş kanalında bazar ertəsi axşam saatlarında tam bərpa olunacaq naviqasiya Ciddə limanında yüklərin artmasına səbəb olacaq. Bunu nəzərə alaraq, Səudiyyə Ərəbistanı həmin limana əlavə işçi qüvvəsi və texnika cəlb etməyi də planlaşdırır.
Səudiyyə Ərəbistanının Ciddə İslam Limanı Qırmızı dəniz sahillərində ən böyük limandır. Burada olan 62 seksiya 130 milyon ton yükboşaltma qabiliyyətinə malikdir. Liman rəhbərliyi Süveyş kanalında gecikməyə məruz qalan bütün gəmilərə tez bir vaxtda xidmət göstəriləcəyi təminatını verib.
Xatırladaq ki, uzunluğu 400 metr, yükgötürmə qabiliyyəti təxminən 224 min ton olan gəmi Çindən Niderlanda yola düşüb və keçən çərşənbə axşamı kanalda saya oturaraq hərəkəti tam məhdudlaşdırıb. Dünən səhər saatlarında "Ever Given" kanalda ilişdiyi yerdən çıxarılıb.
Comments