Rusiyada sürücülərin sərxoş halda avtomobil idarə etməsinin qarşısını almaq üçün səlahiyyətli orqanlar qeyr-adi addım atıblar. Belə ki, Nijni Novqorod vilayətində sərxoş halda nəqliyyat vasitələrini idarə edən şəxslər barədə polisə məlumat verən vətəndaşlara 2 000 rubl (42 manat) məbləğində pul mükafatı veriləcək.
Bununla bağlı regionun qubernatoru Qleb Nikitin fərman imzalayıb.
Sənəd mayın birindən qüvvəyə minir. İcraya nəzarət Nijni Novqorod vilayətinin qubernatorunun müavini Pyotr Bannikova həvalə edilib.
Bildirilir ki, 18 yaşdan yuxarı vətəndaşlar Daxili İşlər Nazirliyinə etibarlı məlumat təqdim etsələr və bunun əsasında inzibati, yaxud cinayət işi açmaq mümkün olacaqsa, onlar mükafatı ala biləcəklər.
Ödənişlərin həyata keçirilməsi qaydasına əsasən, vətəndaşlara pul mükafatının ödənilməsi barədə qərar qəbul edildiyi gündən 10 iş günü ərzində icra ediləcək. Ödəniş vətəndaşın cari hesabına göndəriləcək.
Comments