Qubada polisin qanunsuz pul yığması iddiasına DİN-dən reaksiya



Daxili İşlər Nazirliyi sosial şəbəkələrdə Qubada polis tərəfindən iaşə obyektlərindən qanunsuz pul yığılması ilə bağlı yayılan iddialara münasibət bildirib.

DİN-in Mətbuat Xidmətinin Quba rayonunda regional qrupunun baş inspektoru, polis baş leytenantı Nizam Həmidov Muğan TV-yə bildirib ki, məlumatlar həqiqəti əks etdirmir:

“Cəmil Məmmədli adlı şəxsin özünün feysbuk sosial şəbəkəsindəki profilində Qubada polis tərəfindən iaşə obyektlərindən qanunsuz pul yığılması ilə bağlı etdiyi paylaşım böhtan xarakterlidir və həqiqəti əks etdirmir.

Cari ilin fevral ayı ərzində Quba Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən rayon ərazisində karantin rejimi qaydalarının təmin olunması istiqamətində həyata keçirilən tədbirlər nəticəsində Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən təyin olunmuş qaydaları pozaraq fəaliyyət göstərən ümumilikdə 5 fakt aşkarlanıb.

Həmin obyektlərin sahibləri qanunvericiliyin tələblərinə uyğun olaraq hər biri 3000 manat və qeyd olunan 34 müştərinin də hər biri 200 manat miqdarına inzibati qaydada cərimə olunublar.

Görünür həmin obyekt sahiblərindən hansısa qərəzli olaraq belə uydurma məlumat yaymaqla polisin adına ləkə yaxmağa cəhd edir”.

Muğan TV