top of page

Qadınlara şad xəbər: Bütün işlərinizi onlar görəcək


İngiltərənin Oksford və Yaponiyanın Oçanomidzu universitetlərinin tədqiqatçıları tərəfindən aparılan araşdırmalara görə, 10 ildən sonra ev işlərinin 39 faizini robotlar görəcək. Tədqiqatda Böyük Britaniyadan 29 və Yaponiyadan 36 süni intellekt üzrə mütəxəssislər iştirak ediblər.

Bu barədə "Plos One" jurnalında araşdırma dərc olunub.

Tədqiqatçılar belə nəticəyə gəliblər ki, britaniyalı kişilər qadınlara nisbətən ev işlərində avtomatlaşdırmaya daha çox meyllidirlər.

Oksford Universitetində tədqiqatçı doktor Lulu Şi deyib: "Uşaqlara dərs demək, onlarla məşğul olmaq kimi işlərin 28 faiznin avtomatlaşacağı görünür".

Digər tərəfdən, ekspertlər texnologiyanın ərzaq alış-verişinə sərf olunan vaxtı 60 faiz azaldacağı qənaətindədir. Lakin robotların insanları "on il ərzində" ev işlərindən azad edəcəyi ilə bağlı proqnozlar yeni deyil.

1966-cı ildə "Tomorrow's World" televiziya şousu nahar bişirmək, iti gəzdirmək, körpəyə baxmaq, alış-veriş etmək, kokteyl hazırlamaq və bir çox başqa işləri görə bilən bir ev robotunu təsvir edib.

Xəbərə görə, bu robotu yaradanlara 1 milyon funt sterlinq ödənilsəydi, bu texnologiya 1976-cı ildə bizimlə ola bilərdi.

Oksford Universitetində süni intellekt və cəmiyyət sahəsində çalışan və eyni zamanda tədqiqatın müəlliflərindən biri olan Dos. Dr. Yekaterina Hertoq özünü idarə edən avtomobil xəyalını misal gətirir:

"Avtomobillərin küçələrə çıxması və taksiləri əvəz etməsi vədi onilliklər əvvəl mövcud idi. Bununla belə, robotların yaxşı işləməsinə nail ola bilmədik".

Tədqiqatın iştirakçılarından biri, Londondakı "King's College"in süni intellekt və cəmiyyət şöbəsindən Dr. Kate Devlin texnologiyanın insanları əvəz etməkdən daha çox kömək edəcəyini bildirir:

"Bir çox işi görən ümumi robot hazırlamaq çətin və bahalıdır. Əvəzində yerimizi tutmaqdansa, bizə kömək edən köməkçi texnologiyalar yaratmaq daha asan və rahatdır".

Comments


bottom of page