top of page

Qəbələdə FHN-in xilasediciləri üçün xüsusi təlimlər keçirilir


Fövqəladə Hallar Nazirliyi (FHN) və Avstriya Federal Daxili İşlər Nazirliyinin qarşılıqlı əməkdaşlığı çərçivəsində Qəbələ rayonunun Tufandağ xizək sürmə mərkəzində xüsusi təlimlər başlayıb.

29 yanvar - 4 fevral tarixlərini əhatə edən tədbirlər xizəksürmə və qar uçqunlarında axtarış-xilasetmə üzrə keçirilir.

Təlimlərdə FHN-in xilasedicilərinin mürəkkəb relyefli və çətin iqlim şəraitində, eləcə də qar uçqunları zamanı yaranmış vəziyyətin qiymətləndirilməsi, axtarış-xilasetmə, zərərçəkmişlərin təxliyəsi və onlara ilkin yardımın göstərilməsi üzrə bilik və bacarıqlarının artırılması, habelə müasir texnika və avadanlıqlardan istifadə üzrə peşəkar vərdişlərinin gücləndirilməsi, bu istiqamətdə beynəlxalq təcrübənin öyrənilməsi məqsədilə təşkil olunub. Tədbirə FHN-in müvafiq qurumlarının şəxsi heyət və texnikaları, xüsusi təlim görmüş itlər cəlb edilib, nəzəri və praktiki hissədən ibarət olmaqla keçirilir.

Təlimin gedişində avstriyalı mütəxəssislər tərəfindən şəxsi heyətə qar uçqunları zamanı istifadə olunan müasir axtarış-xilasetmə texnika və avadanlıqları, onların taktiki-texniki xüsusiyyətləri və istifadə qaydaları, qar uçqunu altında qalan zərərçəkmişlərin xilas edilməsi və təxliyəsi, müvafiq təhlükəsizlik qaydaları üzrə nəzəri məşğələlər keçirilir.

Tədbirin praktiki hissəsində avstriyalı mütəxəssislərin təlimatları əsasında xilasedicilər mürrəkkəb relyefli dağlıq ərazilərdə əlverişsiz hava şəraitində axtarış-xilasetmə işlərinin təşkili, qar uçqunu altında qalmış zərərçəkmişlərin xilasetmə avadanlıqlarından istifadə etməklə axtarışı, xilas olunması, ilkin yardımın göstərilməsi üzrə praktiki tapşırıqlar yerinə yetirirlər. Təlimdən sonra FHN-in xilasedicilərinə Avstriya Daxili İşlər Nazirliyinin müvafiq sertifikatları təqdim olunacaq. Qeyd edək ki, bu tədbir iki nazirlik arasındakı əməkdaşlıq çərçivəsində həyata keçirilən sayca altıncı təlimdir.

Comments


bottom of page