“Neftçi Peşəkar Futbol Klubu” MMC 2022-ci ili 416 min manat zərərlə başa vurub. Halbuki, Klub 2021-ci ildən 1,923 milyon manat xalis mənfəətlə çıxmışdı.
Ötən il “Neftçi”nin əməliyyat gəlirləri əvvəlki ilə nisbətən 2,85 % çox - 14,127 milyon manat təşkil edib. O cümlədən, klub sponsorlarını reklam etməklə 11,7 milyon manat (28,25 % çox), bilet satmaqla 79 min manat (71,7 % çox), UEFA-nın pul mükafatı və həmrəylik ödənişləri hesabına 1,637 milyon manat (45,65 % az), sair əməliyyatlar hesabına 711 min manat (54,3 % az) gəlir əldə edib.
Hesabat dövründə “Neftçi”nin əməliyyat xərcləri isə illik müqayisədə 28,6 % çox – 14,465 milyon manat təşkil edib. O cümlədən Klub əmək haqqı və mükafat ödəmək üçün 9,68 milyon manat (35,65 % çox), əsas vəsaitlərin amortizasiyası üçün 422 min manat (17,9 % çox), qeyri-maddi aktivlərin köhnəlməsi üçün 60 min manat (41,2 % az), sair əməliyyatlar üçün isə 4,303 milyon manat (17,9 % çox) xərcləyib.
Bundan başqa, il ərzində “Neftçi”nin 116 min manat digər gəlirləri (8,3 dəfə çox), 194 min manat digər xərcləri (43,7 % çox) olub.
Bu il yanvarın 1-nə “Neftçi”nin aktivləri 12,762 milyon manat olub ki, bu da 1 il əvvələ nisbətən 5,2 % azdır. Hesabat dövründə Klubun öhdəlikləri 52,8 % azalaraq 1,55 milyon manata düşüb, balans kapitalı (xalis aktivləri) isə 10,1% artaraq 11,212 milyon manata çatıb.
Qeyd edək, “Neftçi” kommersiya qurumu kimi 1997-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 1 600 manatdır.
Commentaires