Naxçıvanda kənd təsərrüfatı məhsullarının istehsalı 4,4 faiz artıb


Bu ilin yanvar-fevral aylarında 16 milyon 689 min 300 manatlıq kənd təsərrüfatı məhsulları istehsal olunub ki, bu da 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə 4,4 faiz çoxdur.

Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsinin mətbuat xidmətindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, bu dövr ərzində diri çəkidə ət istehsalı 3861 ton, süd istehsalı 5316 ton olub.

2020-ci ilin müvafiq dövrü ilə müqayisədə ət istehsalı 4,5 faiz, süd istehsalı isə 1,7 faiz artıb.