Naxçıvanda aqrar sektor 3% böyüyüb



Bu ilin I yarısında Naxçıvan MR-da 339 hektar sahədə qapalı suvarma şəbəkəsinin, 3 200 hektar əkin sahəsini suvarma suyu ilə təmin edəcək yeni nasos stansiyasının və təzyiqli boru xəttinin tikintisi davam etdirilib.

Muğan TV “Report” a istinadən xəbər verir ki, bu barədə muxtar respublikanın baş nazirinin I müavini Elşad Əliyev məlumat verib.

Onun sözlərinə görə, yarım il ərzində regionda süni mayalanma işi diqqətdə saxlanılıb, 7 100 baş ana mal və camış mayalandırılıb, 6 200 baş cins bala alınıb. Arıçılığın inkişafı ilə bağlı işlər də görülüb, arı ailələrinin sayı 99 935-ə çatdırılıb. Tingçilik kompleksi və “İqlim otağı”nda bu ilin ötən dövründə 6 400 meyvə, 12 700 həmişəyaşıl ting, 8 400 bəzək və gül kolları yetişdirilib.

“Naxçıvan Aqrolizinq” ASC bu ilin I yarısında 261 texnika və texnoloji avadanlıq alıb, 243 texnika və 142 texnoloji avadanlıq lizinq yolu ilə mülkiyyətçilərə verilərək 840 min manat güzəşt tətbiq olunub. Cari ilin məhsulu üçün ötən ilin payızında və bu ilin yazında muxtar respublika üzrə 32 721 hektar sahədə taxıl əkini aparılıb. Artıq Naxçıvanda 24 406 hektar sahənin taxılı biçilərək 76 109 ton məhsul toplanıb. Hər hektarın orta məhsuldarlığı 31,2 sentnerdir. Bu il buğdanın hər kiloqramının 45, arpa və qarğıdalının isə hər kiloqramının 40 qəpikdən qəbulu həyata keçirilir. 2021-ci ildə muxtar respublikada 26 379 hektar sahədə isə yazlıq əkin keçirilib, kənd təsərrüfatının inkişafı ilə bağlı banklar və bank olmayan kredit təşkilatları 7,265 milyon manat kredit verib, məhsul istehsalçıları 7 542 ton mineral gübrə ilə təmin olunub. Bu ilin ötən dövründə şənbə, bazar, Novruz bayramı günlərində kənd təsərrüfatı və 22-23 may tarixlərində keçirilən Göycə məhsullarının satışı yarmarkalarında 3,2 milyon manatlıq 3 min ton kənd təsərrüfatı məhsulu satılıb. 2021-ci ilin ötən dövründə muxtar respublikada diri çəkidə 13 081 ton ət, 51 138 ton süd, 871 ton yun, 62,972 milyon yumurta istehsal edilib. Ötən ilin müvafiq dövrü ilə müqayisədə ət istehsalı 3,3%, süd istehsalı 1,8%, yun istehsalı 1,4%, yumurta istehsalı 13,9% artıb. 2021-ci ilin ötən dövründə kənd təsərrüfatının ümumi məhsulunun dəyəri 145,684 milyon manat təşkil edib ki, bu da əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 3% çoxdur.