top of page

Naftalanda yeni tullantı sutəmizləyici qurğusu istismara verilib


"Azərsu" ASC Naftalan şəhərində yeni tullantı sutəmizləyici qurğusunu istismara verib.


Məlumata görə, Azərbaycan Hökuməti ilə Yaponiya Beynəlxalq Əməkdaşlıq Agentliyinin birgə maliyyələşdirdiyi “Kiçik şəhərlərdə Su Təchizatı və Kanalizasiya Layihəsi” çərçivəsində inşa edilmiş bioloji tipli təmizləyici qurğuda tullantı suları tam təmizləndikdən sonra kənarlaşdırılır.

Ümumi məhsuldarlığı sutkada 6 000 kubmetr layihələndirilən qurğunun ilkin mərhələdə 3 000 min kubmetr emal gücü olan birinci mərhələsi inşa edilib. Qurğuya daxil olan suların tərkibindəki bərk tullantılar iri barmaqlıqlarda, xırda hissəciklər və yağlar qumtutucu və yağayırıcı kameralarda təmizlənir. Mexaniki təmizləmə prosesi yekunlaşdıqdan sonra tullantı suları bioloji təmizlənmə məqsədilə biofosfor qurğusuna ötürülür. Bioloji təmizləmədən keçən sular durulducu çənlərdə çökdürülür və lilsusuzlaşdırma binasında susuzlaşdırılır. Ən sonda tullantı suları diskfiltr vasitəsilə təmizlənib zərərsizləşdirilir.

Təmizlənmiş və zərərsizləşdirilmiş tullantı sular Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəyi ilə Naftalan çayına axıdılır. Bu məqsədlə diametri 800 mm diametrli borularla 1,8 km uzunluğunda kollektor inşa edilib. Qurğuda bütün proseslər avtomatlaşdırılmış idarəetmə sistemi (SCADA) ilə idarə olunur. Emal proseslərinin ekoloji tələblərə uyğunluğunun yoxlanılması məqsədilə müasir tipli laboratoriya yaradılıb. Qurğu ərazisində inzibati və yardımçı binalar inşa edilib.

“Naftalan şəhərinin içməli su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihəsi” 2030-cu ilə perspektiv inkişaf nəzərə alınmaqla 9 800 nəfərin içməli su təminatı və kanalizasiya xidmətlərindən istifadəsinin yaxşılaşdırılmasına hesablanıb. Layihənin icrasına 2013-cü ilin əvvəlində başlanılıb. Goranboy şəhərini içməli su ilə təmin edən Ballıqaya-Goranboy magistral su kəmərindən Naftalan şəhərinə 6,4 km magistral su xətti çəkilib, hər birinin həcmi 3000 kubmetr olan 2 ədəd anbar tikilib. Naftalan şəhərində 36,8 km içməli su, 37,7 km kanalizasiya şəbəkəsi yaradılıb, 867 kanalizasiya baxış quyusu inşa edilib. Layihə çərçivəsində Naftalan Sukanal Sahəsi üçün yeni inzibati bina tikilib, Qasımbəyli və Qaşaltı Qaraqoyunlu kəndlərinə də içməli su verilib, 3 200 sakinin su təchizatı yaxşılaşdırılıb.

Yorumlar


bottom of page