Mina təmizlənməsində iştirak edən rusiyalı mütəxəssislər təltif edilib - Foto


Martın 23-də Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi ilə Rusiya Federasiyası Mülki Müdafiə, Fövqəladə Hallar və Təbii Fəlakətlərin Nəticələrinin Aradan Qaldırılması üzrə Nazirliyi arasında mövcud sıx əməkdaşlıq münasibətləri çərçivəsində Azərbaycanın işğaldan azad olunmuş ərazilərinin minalardan təmizlənməsi əməliyyatlarında iştirak etmiş bir qrup rusiyalı mütəxəssis Azərbaycan Respublikasının “Hərbi əməkdaşlıq sahəsində xidmətlərə görə” medalı və Fövqəladə Hallar Nazirliyinin “Əməkdaşlığa görə” döş nişanı ilə təltif edilib.

FHN-dən AZƏRTAC-a bildirilib ki, Azərbaycan FHN-in Qarabağ Regional Mərkəzində keçirilmiş təltifetmə mərasimində FHN Xüsusi Riskli Xilasetmə Xidmətinin (XRXX) rəisinin birinci müavini general-mayor Məhərrəm Həsənov, FHN Qarabağ Regional Mərkəzinin rəisi polkovnik Mirəli Feyziyev, Rusiya Federasiyası FHN-in minaaxtaranlardan ibarət qrupunun rəhbəri polkovnik Aleksey Zavitskiy və digər şəxslər iştirak ediblər.

Mərasimdə çıxış edən XRXX-nin rəisinin birinci müavini general-mayor Məhərrəm Həsənov Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi ilə Rusiya Federasiyasının Fövqəladə Hallar Nazirliyi arasındakı səmərəli əməkdaşlıqdan söz açıb, bu əməkdaşlıq çərçivəsində işğaldan azad olunmuş ərazilərimizin minalardan təmizlənməsi əməliyyatlarında rusiyalı pirotexniklərin iştirakını vurğulayıb.

Rusiya Federasiyası Fövqəladə Hallar Nazirliyinin minaaxtaranlardan ibarət qrupunun rəhbəri polkovnik Aleksey Zavitskiy təltiflərə görə minnətdarlığını bildirib.