top of page

Masallı meşələrində su hövzəsi quşlarının məskunlaşması meşəyə ziyan vurub


Masallı meşələrində su hövzəsi quşlarının məskunlaşması meşəyə ciddi ziyan vurub.


Muğan TV-in məlumatına görə qeyri-adi məskunlaşma Masallının Kalinovka kəndi ərazisindəki meşə zolağında qeydə alınıb.


Əsasən, su hövzələri ətrafında olan Vağ quşlarının meşə zolağında məskunlaşması indiyə qədər müşahidə olunmadığından sakinlərin marağına səbəb olub. Kənd sakinlərinin bildirdiyinə görə, quşlar 2-3 ay olar ki, bu ərazidə məskunlaşaraq ağaclarda yuva qurublar. Meşə ərazisində çoxlu sayada quş leşi də müşahidə olunur ki, sakinlər bu barədə ərazi ekologiya idarəsinə məlumat veriblər.


Qızılağac Milli Parkının böyük elmi işçisi Müstəqim Bəşirov meşə ərazisində məskunlaşan quşların əsasən Misir ağ və boz Vağları olduğunu bildirib. Onun sözlərinə görə quşların Qızılağac Milli Parkı ərazisindən təqribən 5 km uçaraq yerdəyişmələrinin səbəbi qida ilə bağlıdır: "Meşə ərazisinə yaxın yerlərdə yonca, buğda sahələri var ki, quşlar da bu sahələrə daraşan qurd, çəyirtkələrlə qidalanırlar. Quşlar təsərrüfatlar üçün xeyirli olsa da, meşə təsərrüfatına ciddi ziyan vurub. Belə ki, onların ifrazatı ağacın budaqlarını, yarpaqlarını zədələyir, bu da gələcəkdə ağacın qurumasına səbəb ola bilər".


Ekoloq onu da bildirib ki, quşların yerdəyişməsi müvəqqətidir. 1 - 2 aydan sonra onlar yenidən su hövzələrinə geri dönəcəklər.



Ləman Hafizi

Comments


bottom of page