Müharibə veteranları ilə bağlı qanunda dəyişiklik ediləcək


Azərbaycanda müharibə veteranlarının adları vahid informasiya bazasında olacaq.


Muğan TV, Oxu.Az-a istinadən verdiyi məlumatına əsasən, bununla bağlı “Veteranlar haqqında” qanuna dəyişiklik təklif olunur.


Dəyişikliyə görə, müharibə veteranlarının reyestri elektron qaydada aparılacaq.


Əsas məqsəd hazırkı tarixədək verilmiş və bundan sonra verilə biləcək statuslar əsasında müharibə ilə əlaqədar əlilliyi olan şəxslər, müharibə veteranları barədə vahid informasiya bazasının yaradılması, müvafiq məlumatların toplanılması, saxlanılması, axtarışının avtomatlaşdırılmasının təmin edilməsidir.


Reyestrin təşkili gələcəkdə status verilmiş şəxslərin sayının dəqiqləşdirilməsini də özündə ehtiva edir.


Bu, onların uçotunun aparılması, şəxslərin (ailə üzvlərinin) statusları haqqında kağız daşıyıcılarda olan müvafiq vəsiqələrdən imtina edilməsi, onların dövlət orqanlarına müraciətləri zamanı statuslarının onlayn rejimdə müəyyən edilməsi, habelə sosial təminat hüquqlarına proaktiv qaydada baxılması imkanları yaradacaq.


Layihə Milli Məclisin Əmək və sosial siyasət komitəsinin martın 15-də keçiriləcək iclasında müzakirəyə çıxarılacaq.