Lənkəranda koronavirusa görə 2 şagird distant təhsilə keçirildi


Lənkəranda iki şagird pandemiya səbəbindən distant təhsilə cəlb olunub.

Lənkəran Şəhər Təhsil Şöbəsinin müdiri Ülviyyə Əliyeva “Report”a bildirib ki, hər iki şagird eyni ailənin üzvləridir:

"Distant təhsilə keçirilən şagirdlər 6 saylı məktəb-liseyin 6-cı sinif şagirdi Ə.Qurbanov və onun bacısı 4 saylı humanitar təmayüllü məktəb-liseyin 2-ci sinif şagirdi S.Qurbanovadır. Bu gündən etibarən onlar 14 gün müddətində onlayn qaydada dərrslərini davam etdirəcəklər. Uşaqlar sağlamdır, lakin ailə üzvlərindən birində COVİD-19 virusu aşkar olunduğundan belə bir qərar qəbul olunub".

Ü.Əliyeva əlavə edib ki, təhsil müəssisələrində təhsil prosesi zamanı şagirdlərin, müəllimlərin, texniki işçi heyətinin, eləcə də valideynlərin və digər ailə üzvlərinin sağlamlığı nəzarətdə saxlanılır: "Məktəblərdə sosial məsafələrin qorunması, siniflərin dezinfeksiya olunması və şagird kontingentinin Nazirliyin təlimata uygun olaraq siniflərdə yerləşdirilməsi prosesi izlənilir və aparılan dərs prosesləri yoxlanılır. Bu günə qədər təhsil müəssisələrində hər hansı ciddi hal müşahidə olunmayıb".

Qeyd edək ki, bu gün Lənkəranda orta yaşlı qadında COVİD-19 virusu aşkar edilib.

"Report"un Cənub Mərkəzinin Lənkəran Şəhər Gigiyena və Epidemialogiya Mərkəzindən əldə etdiyi məlumata görə, həmin qadın və onun ailə üzvləri, eyni zamanda qadınla təmasda olan şəxslər müəıyyən edilərək karantinə alınıb. Distant təhsilə keçiriləın şagirdlər isə həmin qadının nəvələridir.