“İntihara cəhd edənləri heç kim dinləmir” – AÇIQLAMA


“Son günlər insanların psixi durumu həqiqətən də kəskinləşib və xroniki hal almağa başlayıb. Təbii ki, bunlar mövcud durumlarla bağlı olan məqamlardı.”


Bunu Muğan TV-yə açıqlamasında psixoloq Aytən Ələkbərova son vaxtlar insanların psixoloji durumunu dəyərləndirərkən deyib. O, bildirib ki, həm koronavirus pandemiyası, həm də 44 günlük müharibə insanların sosial durumuna təsir edən amillər sırasında ilk yerdə durur:


“Psixoloji olaraq insanlar 44 günlük müharibənin anidən başlanmasına hazır deyildi. Eyni zamanda da insanlarda qorxu, həyacan, stresslərin artması gərgin məqamlar yaratdı. Eləcə də sevinc hissinin olması, eyforiyanın yaranması və sonradan eyforiyadan törənən amillər insanlarda müəyyən düşüncələr formalaşdırmağa başladı. Ümumiyyətlə, bu günə qədər yaşanan həyat tərzimizin birdən-birə dəyişdi. Sanki yaşadıqlarımız bir yuxuydu və yaxud da bir de-javu yaşadıq. Həqiqətən də bu gün yaşananlar üst-üstə düşmədiyinə görə, insanlarda müxtəlif aqressiyaların psixi durumunun immunitetin aşağı düşməsinə səbəb olur.”


Psixoloq, həmçinin intiharlarla bağlı fikirlərini də bölüşüb. O, qeyd edib ki, müraciət edən şəxslərin ailələrində münaqişələr, intiharlar və intihara sövq edilmələr var:


“İlk olaraq buna səbəb psixi zorakılıqdır. Bəzən biz intihara cəhd edən insanın sosial həyat tərzinə baxmalıyıq. Konkret olaraq, söhbət yeniyetmələrdən gedirsə, artıq burada onların özlərini təsdiq etməsi, “mən” obrazını önə çıxması, o cümlədən, “mən hər şeyi bilirəm”, “mən edəcəyəm”, “mən özüm bilirəm”, “mən necə düşüncədəyəm”, “mən özüm bilərəm hara qəbul olmaq istəyirəm” və başqa bu kimi hallar intiharlara doğru atılan addımlar hesab olunur. Demək olar ki, onları heç kim dinləmir. Bəzən valideynlər çox aciz durumda ağlayaraq, zəng vururlar ki, övladımız nə istəyirsə, onu da edirik, amma... Valideynlər nə isə desələr də, etsələr də bir tək etmədikləri psixoloji söhbətlərdir. Ən çətin xarakterli insan psixoloqla ünsiyyət zamanı onun dərhal psixi xüsusiyyətini öyənməyə çalışır və ona özü kimi davranır. Həmin insanın davranışından nə istədiyini çox gözəl anlayırsan. Bu zaman valideynlər və yaxud ailənin digər üzvləri ilə bağlar olmalıdır. Söhbət etdiyin şəxs nə qədər anonim qalsa da, mütləq şəkildə bəzi məqamlarda deyilən tövsiyələrə əməl edilməlidir. Bu zaman istənilən gözəl nəticəni əldə etmək olar.”


A.Ələkbərova qeyd etdiyi fikirləri insanların psixi durumunda koronavirus pandemiyasının fəsadlarının dayanmasıyla əsaslandırıb:


“Birdən-birə iş yerlərin bağlanması, sosial durumun aşağı düşməsi, toy məclislərin olmaması, restoranların bağlanması insanların psixi durumuna mənfi təsir edir.”


Şahnun Qasımova Muğan TV