İsmayıllıda rayon Ağsaqqallar Şurasının konfransı keçirilib


İsmayıllı rayon Heydər Əliyev Mərkəzində xüsusi karantin rejimi qaydalarına riayət olunmaqla rayon Ağsaqqallar Şurasının konfransı keçirilib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, tədbir iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzərək xatirəsini ehtiramla anıblar. Konfransda Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Sonra təşkilati məsələlər müzakirə olunub. İsmayıllı rayon Ağsaqqallar Şurasının yeni əsasnaməsi açıq səsvermə yolu ilə qəbul edilib. Valeh Salehov rayon Ağsaqqallar Şurasının sədri, habelə Ağsaqqallar Şurasının İdarə Heyətinin və Təftiş Komissiyasının üzvləri seçilib. Konfransda Azərbaycan Ağsaqqallar Şurasının sədr müavini, Milli Məclisin İntizam komissiyasının sədri Eldar İbrahimov çıxış edərək ağsaqqalların ölkəmizin ictimai-mədəni həyatındakı rolundan, yaşlı nəslin nümayəndələrinə göstərilən dövlət qayğısından danışıb, gənclərin dövlətə, xalqa sədaqət ruhunda, zərərli təsirlərdən uzaq və sağlam əsaslar üzərində tərbiyəsi işində ağsaqqallara hər zaman böyük ehtiyac olduğunu diqqətə çatdırıb.

Rayon icra hakimiyyətinin başçısı Nahid Bağırov Ağsaqqallar Şurasının yeni seçilən sədrini, İdarə Heyətinin və Təftiş Komissiyasının üzvlərini təbrik edərək onlara fəaliyyətlərində uğurlar arzulayıb. Qeyd edib ki, xalqımızın mənəvi dünyasında, milli mentalitetində ağsaqqal, ağbirçək sözü, xeyir-duası həmişə ali həyat məramı olub. İcra başçısı İsmayıllı ağsaqqallarının istər Vətən müharibəsində, istərsə də pandemiya şəraitində rayon əhalisinə mənəvi dəstəklərini xüsusi vurğulayıb.

Rayon Ağsaqqallar Şurasının yeni seçilən sədri Valeh Salehov göstərilən etimada görə minnətdarlığını bildirib, rayonun ictimai-mədəni həyatında səmərəli fəaliyyətləri üçün əlindən gələni əsirgəməyəcəyini söyləyib.