top of page

İranda hicabsızlara qarşı mübarizə aparan generalın karikaturasını yayan qəzetin məsul şəxsi tutulub


İranın paytaxtı Tehranda çıxan “Həmşəhri” qəzetinin məsul meneceri Möhsün Məhdian hüquq-mühafizə qüvvələrinin komandanı general Əhmədrza Radanın karikaturasını çap etdiyi üçün həbs olunub.

Bu barədə “RadioFarda” məlumat yayıb.

Bildirilib ki, qəzetin aprelin 30-da çıxan sayında Əhmədrza Radanın ”General təkdir” başlığı altında karikaturası yayılıb.

Möhsün Məhdian məsələ ilə bağlı prokurorluğa çağırıldığını deyib. O, informasiya müharibəsi apardıqlarını qeyd edərək generalı təhqir etmədiyini, əksinə, onun doğrudan da tək və yardıma ehtiyacı olduğuna dair açıqlama yazıb.

Xatırladaq ki, “Həmşəhri” Tehran bələdiyyəsinin orqanıdır. Onun direktoru Əlirza Zakanidir. Generalın karikaturası qəzetin birinci səhifəsində çap olunub. Qəzet həmin yazıda vurğulayıb ki, hicabla niyə yalnız polis məşğul olur, İslam Respublikasının başqa qurumları bu istiqamətdə heç bir addım atmır.

Məlumata görə, Əhmədrza Radan ötən ay polisin məcburi hicabsız qadınları müəyyən etməsi üçün şəhərlərdə müşahidə kameraları və ağıllı sistemlərdən istifadə ediləcəyini bildirmişdi. O qeyd etmişdi ki, xəbərdarlıq aldıqları və bunu təkrarladıqları təqdirdə məcburi hicaba qarşı çıxanlar mühakimə olunacaq, məhkəmə ilə üzləşəcəklər.

Bununla belə, iranlı qadınlar və qızlar məcburi hicabsız ictimai yerlərdə görünərək sanki Ə.Radanın təhdidlərinə meydan oxuyurlar.

Comments


bottom of page