top of page

İbrahimoviç Azərbaycan millisi ilə oyundan əvvəl: "Çətin qrupdayıq"


"Yaxşı komandamız var, amma çətin qrupdayıq".

Bunu İsveç millisinin futbolçusu Zlatan İbrahimoviç AVRO-2024-ün seçmə mərhələsində Belçika və Azərbaycan yığmalarına qarşı keçirəcəkləri oyunlardan əvvəl təşkil olunan mətbuat konfransında deyib.

42 yaşlı hücumçu bu qarşılaşmalarda meydana çıxa biləcəyini söyləyib: "Özümü yaxşı hiss etsəm və baş məşqçi şans versə, ölkəmə köməklik edəcəyəm. Mənim yaşımda artıq gələcək barədə deyil, indiki vaxt haqqında düşünməlisiniz".

Təcrübəli forvard bu iki matçdan birində meydana çıxacağı təqdirdə Avropa çempionatlarının seçmə mərhələlərində iştirak etmiş ən yaşlı oyunçu olacaq.

İbrahimoviç belə rekordu qırmağın gözəl olacağını vurğulayıb: "Ancaq yaşıma görə başqaları ilə müqayisə olunmaq istəmirəm. Xeyriyyəçilik üçün yığmaya seçilməmişəm. Buradayam, çünki hələ də oynaya bilirəm. Bunu da mümkün qədər uzun müddət davam etdirmək niyyətindəyəm".

Qeyd edək ki, İsveç komandası martın 24-də Belçikanı, üç gün sonra Azərbaycan millisini qəbul edəcək. F qrupunda Avstriya və Estoniya da mübarizə aparacaq.

Comments


bottom of page