Hacı Əliyev: "Tokioda qızıl medal qazanmağa çalışacağam"


"İlk dəfədir 70 kq-da çıxış edirdim. Bir gün ərzində 5 görüş keçirib 4 qələbə qazandım".

"Report"un məlumatına görə, bu fikirləri Azərbaycanın sərbəst güləşçisi Hacı Əliyev UWW-nin rəsmi yutub kanalına müsahibəsində Polşanın paxtaxtı Varşavadakı "Poland Open" turnirindəki çıxışı barədə danışarkən deyib.

70 kq-da bürünc medal qazanan 3 qat Avropa və dünya çempionu bildirib ki, 3-cü qələbədən sonra finala yüksəldiyini düşünüb: "Amma bir neçə dəqiqədən sonra xəbər aldıq ki, hələ yarımfinal görüşünə çıxmalıyam. Güləşmək mənim üçün həqiqətən çətin oldu. Amma həm özüm, həm də məşqçilər çıxışımdan razı qaldı".

Azərbaycanı Tokio-2020 Yay Olimoiya Oyunlarında təmsil edəcək 30 yaşlı güləşçi yarışa yaxşı hazırlaşdıqlarını söyləyib: "Son təlim-məşq toplanışımız Rusiyanın Mahaçqala şəhərində oldu. Orada 2-3 həftə hazırlıq keçdik. Daha əvvəl isə Göy Göldə toplanışımız olmuşdu. Oyunlara çox az vaxt qalıb. Olimpiadaya 3 lisenziyamız var. Buna baxmayaraq, yarışa ciddi hazırlaşırıq. Qarşıda 2 hazırlıq prosesimiz qalıb. Tokioda yaxşı nəticələr qazanacağımıza inanıram".

Əliyev çıxış etdiyi 65 kq çəki dərəcəsinin olimpiadada ən güclü çəkilərdən oduğunu vurğulayıb: "Rəqiblərim çoxdur. İçi mən qarışıq, bir neçəsi olimpiya çempionu olmağa layiqdir. Hansısa idmançını fərqləndirməzdim. Əlimdən gələni edəcəyəm ki, gözəl nəticə göstərim. Bilirsiniz ki, Rioada bürünc medal əldə etmişdim. Tokioda "qızıl" qazanmağa çalışacağam".

Qeyd edək ki, Tokio-2020 Yay Olimpiya Oyunları 2020-ci il 24 iyul - 9 avqustda keçirilməli idi. Oyunlar koronavirus pandemiyası üzündən bu il 23 iyul - 8 avqusta təxirə salınıb.