Hərbi Dəniz Qüvvələrinin taktiki təlimlərinə yekun vurulub


Azərbaycanın ərazi sularında ölkəmizin hərbi, siyasi, iqtisadi maraqlarına yönəlmiş təhdidlərin qarşısının alınması, Xəzər dənizinin Azərbaycan sektoruna aid hissəsində enerji infrastrukturunun müdafiəsi, mühafizəsi, bununla yanaşı, sualtı neft-qaz boru xətlərinin monitorinqinin təşkil olunması məqsədilə keçirilən Azərbaycan Hərbi Dəniz Qüvvələri (HDQ) birləşmələrinin təlimlərinə iyunun 23-də yekun vurulub.

AZƏRTAC xəbər verir ki, təlimlərin ikinci günündə Xəzər dənizinin Azərbaycan Respublikasına aid sektorunda terror-diversiya fəaliyyətlərinin qarşısının alınması, qəzaya uğramış gəmiyə yardımın göstərilməsi, enerji infrastrukturunun mühafizəsi və müdafiə üzrə tapşırıqlar yerinə yetirilib. Təlimin ssenarisinə uyğun olaraq, bu tapşırıqların yerinə yetirilməsinə cəlb edilən qüvvə və texnika adada aşkarlanmış terrorçuların müvəqqəti bazalarının zərərləşdirilməsi, Böyük Zirə adasında təchiz olunmamış sahilə desantın çıxarılması, qəzaya uğramış gəmiyə köməyin göstərilməsi üzrə tapşırıqları yüksək dəqiqliklə icra ediblər. Tapşırıqlar icra edildikdən sonra gəmi və katerlər baza məntəqələrinə qayıdıblar.

Bütün tapşırıqlar yerinə yetirildikdən sonra görülən fəaliyyət təhlil olunub, təlimlərdə iştirak edən qüvvə və vasitələrin qarşıya qoyulan tapşırıqları icra səviyyəsi qiymətləndirilib.