Hərbi Dəniz Qüvvələrində taktiki təlimlər başlayıb


Müdafiə nazirinin təsdiq etdiyi döyüş hazırlığı planına əsasən iyunun 22-dən Hərbi Dəniz Qüvvələrində (HDQ) taktiki təlimlər başlayıb.

Döyüş və təminat gəmiləri, eləcə də dəniz piyadalarının iştirakı ilə keçirilən təlimlərin məqsədi Xəzər dənizinin ölkəmizə məxsus sektorunda enerji infrastrukturlarının mühafizəsi və HDQ birləşmələri tərəfindən birgə döyüş əməliyyatlarının aparılmasıdır.

İki mərhələdə keçirilən təlimlərdə döyüş fəaliyyətlərinin təşkili və qüvvələrin döyüşdə idarə olunması üzrə komandirlərin və qərargahların bacarıqları da təkmilləşdiriləcək.

Təlimlərin birinci mərhələsində gəmi və katerlər döyüşə və səfərə hazırlanacaq, şərti düşmənin suüstü hücum vasitələrini və üzən minalarını məhv edəcək, eləcə də təyin olunmuş rayonda lövbərə duraraq universal müdafiəni təşkil edəcəklər.

Təlimlərin ikinci mərhələsində Xəzər dənizinin ölkəmizə məxsus sektorunda terror-diversiya fəaliyyətlərinin qarşısının alınması üzrə döyüş tapşırıqlarının yerinə yetirilməsi, qəzaya uğramış gəmiyə yardımın göstərilməsi nəzərdə tutulub.

Qeyd edək ki, təlimlərin gedişi barədə ictimaiyyəti daha ətraflı məlumatlandırmaq məqsədilə media nümayəndələri təlimə dəvət olunub.

Təlimlər iyunun 23-dək davam edəcək.