"Astma xəstəliyində risk qrupuna daha çox genetik olaraq allergiyaya meyilli olan insanlar aiddir".
Bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, terapevt Günay İsmayılova deyib.
Onun sözlərinə görə, həmçinin, allergik rinit, atopik dermatit kimi xəstəliyi olanlar, ailə anamnezində allergiya və astma xəstəliyi olanlar, peşə fəaliyyətinə bağlı olaraq daimi kimyəvi toz, kimyəvi maddələrə məruz qalanlar, tez-tez yuxarı tənəffüs yolu infeksiyası keçirənlər aiddir.
Mütəxəssis xatırladıb ki, astma hava yollarının xarici faktorlara qarşı həssaslığının artması və tənəffüs yollarının pozulması ilə müşahidə olunan xroniki bir xəstəlikdir.
O deyib ki, bronxial astmanın forması və ağırlıq dərəcəsindən asılı olaraq xəstəliyin simptomları fərqlənə bilər: "Tutmaşəkilli nəfəs darlığı (nəfəsalmada çətinlik), xırıltılı nəfəs alıb vermə, təkrarlayan öskürək (xüsusən gecələr daha çox şiddətlənən), boğulma hissi və sinədə ağrı və sıxılma hissi astmanın xarakterik simptomlarına aiddir. Bronxial astma tutmaları arasındakı fasilələr zamanı xəstəliyin simptomlarının olmaması ilə xarakterizə olunur”.
"Xəstəliyin kəskinləşməsinə səbəb allergenlə kontakda olmaq və ya orqanizmin özünün müqavimətinin zəifləməsi aiddir. Allergenlərə ev tozu, kəskin qoxular, duman, akvarium balıqları üçün yem, ev heyvanlarının tükü, tütün dumanı, soyuq hava, boyaların, dezodorantların, ətirlərin kəskin qoxusu, bəzi dərman maddələri, kimyəvi maddələr aiddir. Bununla yanaşı, yuxarı tənəffüs yollarının infeksiyaları, viral infeksiyalar, fiziki aktivlik, stres də bronxial astamanın kəskinləşməsinə səbəb ola bilər", - G.İsmayılova vurğulayıb.
Comments