Gənclər Təşkilatları Milli Şurası BMT-nin Azərbaycandakı nümayəndəsi ilə görüşüb


Gənclər Təşkilatları Milli Şurası (NAYORA) üzv gənclər təşkilatlarını dövlət, eləcə də beynəlxalq qurumlarla əlaqələndirməkdə davam edir. Bu istiqamətdə daha bir görüş NAYORA-ya üzv təşkilatların nümayəndələri ilə BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Qulam İsakzai və BMT-nin digər təmsilçiləri arasında təşkil olunub.

Şuradan AZƏRTAC-a bildiriblər ki, görüşdə BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Qulam İsakzai dayanıqlı inkişafa nail olmaq və BMT ilə Azərbaycan arasında yeni imzalanmış əməkdaşlıq sazişinin icrasında birgə fəaliyyət imkanları barədə məlumat verib.

Görüşdə iştirak edən digər qonaqlar da fikir və təkliflərini bölüşüblər.

Sonda isə iştirakçıların sualları cavablandırılıb, təklifləri dinlənilib.

Qeyd edək ki, NAYORA-nın əsas məqsədi üzv gənclər təşkilatlarının fəaliyyətini əlaqələndirmək, onların inkişafı üçün şərait yaratmaq, üzv təşkilatların milli, regional və beynəlxalq səviyyədə maraqlarının həyata keçirilməsinə çalışmaq, gənclərin problemlərinin həlli və hüquqlarının müdafiəsi sahəsində birgə iş aparmaq, gənclər və onların təşkilatları arasında ümummilli məsələlərin həllində həmrəyliyə nail olmaqdır. NAYORA gənclərin bilik və bacarığının Azərbaycanın dövlət müstəqilliyinin möhkəmlənməsinə, beynəlxalq aləmdə layiqli yer tutmasına, demokratik dövlət quruculuğu işlərinə yönəldilməsini özünün əsas vəzifəsi hesab edir.