top of page

Gəncədə Vətən müharibəsi qaziləri ziyarət olunub


“Böyük Qayıdış” Gənclər Təşkilatı tərəfindən icra olunan “Böyük Qayğı” proqramı çərçivəsində Gəncə şəhərində yaşayan Vətən müharibəsi qaziləri ziyarət olunub.

Azərbaycan Gənclər Fondundan AZƏRTAC-a bildiriblər ki, proqramın məqsədi Vətən müharibəsində sağlamlığını itirmiş qazilərimizi qayğı ilə əhatə etmək, onların sosial reabilitasiyasına dəstək olmaq, qəhrəman qazilərimizi cəmiyyətdə, xüsusilə gənclər arasında tanıtmaq, gənclərin Vətən üçün döyüşən insanlara dəstəyini göstərməkdir.

Təşkilatın idarə heyətinin üzvlərinin və könüllülərin iştirakı ilə keçirilən görüşlər zamanı qəhrəman qazilərimizin vəziyyəti ilə maraqlanılıb, proqram çərçivəsində könüllülər tərəfindən onlar üçün həyata keçiriləcək fəaliyyətlər haqqında məlumatlar çatdırılıb.

Adıçəkilən proqramla yanaşı, təşkilat tərəfindən davamlı olaraq gənc qazilərin fərdi inkişafı, cəmiyyətə adaptasiyası, sosial-psixoloji reabilitasiyası istiqamətində layihələrin icrası planlaşdırılır.

Proqrama qoşulmaq və təşkilatın gələcək layihələrində iştirak etmək istəyən gənclər “boyukqayidish.az” saytı və ictimai birliyin sosial media hesabları və ya info@boyukqayidish.az elektron poçt ünvanı vasitəsilə əlaqə yarada bilərlər.

“Böyük Qayğı” proqramı “Böyük Qayıdış” Gənclər Təşkilatı tərəfindən Azərbaycan Respublikasının Gənclər Fondunun maliyyə dəstəyi və Azərbaycan Könüllü Təşkilatları İttifaqının tərəfdaşlığı ilə icra olunur.

Comments


bottom of page