Güzəştli şərtlərlə erkən pensiya hüququ verən peşə və vəzifələrin
siyahısına son 2 ildə 65 yeni peşə və vəzifə əlavə edilib
Hazırda həmin siyahıda 5 il erkən pensiyaya çıxmaq imkanı verən
4 mindən çox peşə və vəzifə, göstərici əhatə olunub
Pensiya təminatı sahəsində son illər aparılan islahatlar nəticəsində bu təminat
sisteminə əlçatanlığın artırılması, erkən pensiya hüququ olan kateqoriyaların sırasının
genişləndirilməsi istiqamətində də mühüm addımlar atılıb.
Nazirlər Kabinetinin müvafiq qərarları ilə son iki ildə “Güzəştli şərtlərlə yaşa görə
əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin
Siyahısı”na ümumilikdə 65 yeni peşə və vəzifə əlavə edilib.
Hazırda 35 hissə, 280 yarımhissədən ibarət olan həmin Siyahıda 4 mindən çox peşə
və vəzifə, göstərici mövcuddur ki, həmin sahələrdə çalışanlara 5 il erkən pensiyaya çıxmaq
hüququ verilib.
Eyni zamanda, 2022-ci ildə “Əmək pensiyaları haqqında” Qanunda edilmiş əlavə və
dəyişikliklər zərərli və ağır işlərdə çalışan şəxslərə pensiya yaşına çatdıqda daha erkən
pensiya hüququ verilməsi şərtlərini xeyli yumşaldıb. Kişilərdən 12 il 6 ay, qadınlardan 10 il
zərərli işlərlə bağlı staj və fərdi hesabda müvafiq pensiya kapitalı olduqda 25 il staj tələbi
aradan qaldırılıb.
Tələb olunan pensiya kapitalı və pensiya hesablanan zaman gözlənilən pensiya
ödənişi müddəti göstəricisi də azaldılıb ki, bu da onlara hesablanan pensiya məbləğinin orta
hesabla 42-62 faiz artması ilə nəticələnib.
Comments