Fərid Mansurov zalların açılması ilə bağlı danışdı: “Hər şey bizim icazəmizlə deyil”



“Artıq bir ildir ki, pandemiya davam edir. Bu ərəfədə Nazirlər Kabineti yanında operativ qərargah tərəfindən məşq zallarının bağlanması tələb və tövsiyə edilib. Ancaq buna baxmayaraq, Olimpiya idman növləri üzrə yığma komandalar xüsusi icazə ilə qapalı şəraitdə məşqləri davam etdirir”.


Muğan TV, Oxu.az-a istinadən bildirir ki, bunu bu gün Gənclər və İdman Nazirliyinin İdman şöbəsinin müdiri Fərid Mansurov deyib.


Bu gün 5 Mart – Bədən Tərbiyəsi və İdman Günü ilə bağlı nazirlik əməkdaşları və idman ictimaiyyəti Fəxri Xiyaban və Şəhidlər Xiyabanını ziyarət edib. Ziyarətdən sonra Fərid Mansurov qapalı zalların bağlı olması ilə bağlı fikrini bildirib:


“Fitnes zalları hələ də işləmir. Bəzi idman növləri var ki, onların fəaliyyəti bu gün davam etmir. Gənclər və İdman Nazirliyi tərəfindən təkliflər verilib. İnanırıq ki, yaxın gələcəkdə bu məsələlər öz həllini tapacaq.


Bildirmək istəyirəm ki, zalların açılması və idmançıların məşq keçməsi nazirliyin icazəsi ilə deyil. Bu, pandemiya şəraitinə görə operativ qərargahın verdiyi qərardan asılıdır. Biz də istəyirik ki, idman ictimaiyyəti, idmançılar öz məşqlərinə, zallarına qayıtsınlar və məşq edə bilsinlər”.