"Ermənistan ərazisində aparılan istənilən fəaliyyət qonşu ölkələrin ərazisinə və təbii mühitinə, əhalinin sağlamlığına təsir edir".
Muğan TV Apa-ya istinadən xəbər verir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında İctimai Şuranın sədri, "Sudan İstifadə Sahəsində Mütəxəssislər" İctimai Birliyinin nümayəndəsi Amin Məmmədov "Ermənistan Respublikası ərazisindəki hasilat mədənlərinin kosmik monitorinqinə dair hesabat" tədbirində deyib.
O bildirib ki, bunun üçün ölkələr bir sıra konvensiyalara qoşulmalıdırlar:
"Biz transsərhəd çaylarla bağlı konvensiya qoşulmuşuq. Lakin çayların yuxarı axarında olan ölkələr üzərlərinə götürəcəkləri öhdəliklərdən çəkindikləri üçün bu konvensiyalara qoşulmurlar.
30 ilə yaxın işğal dövründə Ermənistan bizim ərazilərimizdə yataqları qanunsuz formada istismar edərək ekologiyamıza çox ciddi zərər vurub. 44 günlük müharibədən sonra ərazilərimiz azad olunsa da, Ermənistan öz ərazisində bu fəaliyyətləri davam etdirməkdədir. Bu mənada Azərbaycana, xüsusən də Naxçıvan Muxtar Respublikasının ekologiyasına təsirlər daha yüksəkdir.
Bu yataqlar istismar edilərkən müxtəlif kimyəvi məhsullardan istifadə edilir, eyni zamanda törədilən partlayışlar torpaqların münbitliyinə, yeraltı və yerüstü suların keyfiyyətinə mənfi təsir göstərir”.
Amin Məmmədovun sözlərinə görə, Ermənistan qoşulduğu konvensiyalar çərçivəsində üzərinə götürdükləri öhdəliklərə uyğun olaraq yataqların istismarına dair müvafiq ekoloji hesabatları təqdim etməlidir: “Təəssüf ki, bizim koalisiya üzvləri olaraq apardığımız araşdırmalar göstərir ki, bu fəaliyyətləri həyata keçirərkən şəffaflığa riayət etmirlər. Biz də bu regionda yerləşən bir ölkə olaraq buna biganə qala bilməzdik.
Hətta bəzi yataqlar son on illər ərzində istismar olunur. Kosmik tədqiqatlar göstərir ki, həmin yataqların ərazisi çox genişlənib və torpaqların rəngi göstərir ki, ekoloji normativlərə riayət olunmayıb".
Röya Ağayeva
Comments