Durnalardan ərəb ovçulara, yoxsa qoçulara: “Aman ovçu, vurma məni!” – VİDEO


Məgər tarix boyu Muğan çölündə quş ovlamayıblar ki?! Ovlayıblar.


Hətta ədəbiyyatımızda ovla bağlı nümunələr də var. Təbiət vurğunu Səməd Vurğun yazırdı:


Ovçu, insaf elə, keçmə bu düzdən! O çöllər qızını ayırma bizdən! Qoyma ağrı keçə ürəyimizdən, Qıyma öz qanına boyana ceyran! Nə gözəl yaraşır Muğana ceyran!


Ancaq Muğan TV-nin bu xüsusi reportajı ceyran yox, durna ovuna həsr olunub.


Çıraq alıb durnalara yol göstərmək əvəzinə, bu dəfə ərəb turistlər Azərbaycana yenə də əllərində tüfənglə gəliblər. Zavallı quşları nişangaha tutublar. Görünür, Qax rayonunda yollarını azıblar. Amma quşlardan fərqli olaraq, ərəb turistlərin azmasının səbəbi duman deyil, durnadı. Əgər onlar azmasaydılar, qanunsuz durna ovuna çıxmazdılar. Durna eşqiylə gəlib ov ovlayan bədəvilər qeyri-qanuni əməllərinə görə cəza alacaqlar, yəqin…


Yəqin ona görə deyirik ki, hələlik cəzalarının hansı formada olacağını bilmirik. Hər halda cərimə ödəyəcəklər. Amma çi fayda. Bu cərimə onların kisələrinə çox da təsir etməyəcək. Hətta bir neçə dollarlarından olsalar belə şeyx həzrətləri üçün həmin pul qəpik-quruş olacaq. Ortada olan bizim durnalara oldu.


Qax rayonunun Acınohur ərazisində baş verənlər adama acı gəlir. Quşu gözündən vuran ovçuları görməzlikdən gəlmək mümkün deyildi. Ona görə də sosial şəbəkələrdə və mətbuatda yayılan foto və videolar qısa vaxtda böyük rezonans doğurdu. Maraqlıdır ki, şəkilləri paylaşan “4614” adlı “İnstaqram” profilindən həmin foto və videolar dərhal silinib.


Düzdür, ov etmək dədə-babadan var. Amma və lakin xüsusi qoruq ərazisində həm də qadağan olunan quş növlərini vurmaq qınağa səbəb olmalıydı və oldu da. Həmin o yaralı, qan içində olan durnaların şəkillərinə baxdıqca adamın ürəyi ağrıyır. Əfsuslar olsun ki, bu məqamda durnaları vəsf edən nəğmələr də kömək etmir.


Nadir Qafqaz durnası füsunkar Azərbaycan təbiətinin ən gözəl canlılarından sayılır. Vaxt var idi həmin durnalar havada qanad açıb uçardılar. Ərəb ovçuların gülləsinə tuş gələn bir neçə cüt durna daha heç vaxt uçmayacaq. Bəlkə elə bizim durnalara sözümüz olacaqdı? Yaxud dilləri olsaydı, həmin quşlar görəsən bizə nə deyərdilər?


Məsələnin ciddiliyini nəzərə alan Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəsmiləri hadisə yerinə gediblər. Və deyilənə görə, artıq turistlər cərimələniblər. Dövlət Ekologiya Təhlükəsizlik Xidmətinin rəisi Hikmət Əlizadə:


Bəs, görəsən ərəblərə bu icazəni verən hansı fövqəl nazirdir? Həmin nazir tezliklə durnalar barədə yeni mahnı yazsa, təəccüblənmərik…


P.S. Nazirlik və ərəb turistlərin mövqeyini kanalımızda işıqlandırmağa, həmçinin durnalar barədə yeni mahnını Muğan Radioda səsləndirməyə hazırıq.


Şahnun Qasımova Elnur Ağayev Muğan TV