Diaspor Komitəsinin sədri dünya azərbaycanlılarını təbrik edib


Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov 28 may – Respublika Günü münasibətilə dünya azərbaycanlılarını təbrik edib.

"Muğan TV" xəbər verir ki, təbrikdə deyilir:

"Əziz dünya azərbaycanlıları!

Sizi xalqımızın milli bayramı - Respublika Günü münasibətilə təbrik edir və hər birinizə ən xoş arzularımı bildirirəm.

Cənab Ali Baş Komandanın rəhbəriyi ilə əldə edilmş tarixi Qələbəmiz builki 28 may – Respublika Gününə xüsusi sevinc bəxş edir.

Türk və islam dünyasına nümunə olan, 103 yaşını qeyd etdiyimiz Azərbaycan Xalq Cümhuriyyəti, ilk parlamentli demokratik respublika və dünyəvi dövlət nümunəsi kimi, xalqımızın tolerant, beynəlxalq hüquq normalarına dəyər verən ali xarakterinin göstəricisidir. Azərbaycan tarixinə qızıl hərflərlə həkk olunmuş 28 may tarixi soydaşlarımızın yaşadığı bütün ölkələrdə qeyd edilir.

Bu gün Cümhuriyyətin varisi olan müstəqil Azərbaycan Respublikası möhtərəm cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə dünyanın dinamik inkişaf edən, qalib dövlətidir.

Bir daha Sizləri 28 may – Respublika Günü münasibətilə təbrik edir, doğma Vətənimizin maraqlarının qorunması, xalqımızın zəngin milli-mədəni irsinin təbliği yolunda uğurlar arzu edirəm.

Yaşasın müstəqil, qüdrətli Azərbaycan Respublikası".