Daşkəsəndə koronavirusa qarşı vaksinasiya prosesi uğurla davam etdirilir


Koronavirus pandemiyasının qarşısının alınması məqsədilə ölkəmizdə həyata keçirilən vaksinasiya tədbirləri çərçivəsində Daşkəsən rayonunda da əhalinin COVID-19 infeksiyasına qarşı peyvənd olunması prosesi uğurla davam etdirilir.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, əhalinin peyvəndlənməsi rayon mərkəzi xəstəxanasında xüsusi olaraq ayrılmış vaksin otaqlarında və səyyar həkim briqadaları tərəfindən yerlərdə həyata keçirilir.

“Azərbaycan Respublikasında COVID-19 xəstəliyi əleyhinə 2021-2022-ci illər üçün Vaksinasiya Strategiyası”na uyğun olaraq ilkin mərhələdə rayonun səhiyyə müəssisələrində çalışan tibb işçiləri, həmçinin yaşlı vətəndaşlar peyvənd olunublar. Hazırda rayon ərazisində 18 yaşından yuxarı bütün vətəndaşların peyvəndlənməsi aparılır. Bu günədək rayon üzrə yaşı 18-dən yuxarı olan vətəndaşlara, ümumilikdə, 8152 doza vaksin vurulub. Bunlardan 6231 nəfəri koronavirus infeksiyasına qarşı birinci doza peyvənd olunanlardır.

Vaksin ehtiyatı kifayət qədərdir və indiyədək heç bir əks göstəriş qeydə alınmayıb.